Belqrad Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycana səfər edib
Belqrad Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycana səfər edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qonaqlara Milli Müdafiə Universiteti (MMU) və xüsusi təyinatlı təhsil müəssisələri haqqında brifinqlər təqdim olunaraq ətraflı məlumat verilib, ölkələr arasında hərbi təhsil sahəsində, xüsusilə xarici dilin tədrisi üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib, təhsil müəssisələrində yaradılan şəraitlə tanış olublar.
Hərbi Liseyi ziyarət əsnasında təhsil müəssisəsinin ərazisində mövcud olan Heydər Əliyev muzeyində qonaqlara Ulu Öndərin həyat yolu və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib.
Yekunda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

