Aşqabadda Xəzər dənizinin su bioresurslarının qorunması üzrə Komissiyanın 9-cu iclası keçirilib
Aşqabad şəhərində “Xəzər dənizinin su bioresurslarının qorunması, onların rasional istifadəsi və birgə ehtiyatların idarə olunması üzrə Komissiya”nın 9-cu iclası keçirilib. Tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin direktoru Ceyhun Əliyev və onun müavini Elşən Məcidov təmsil ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Azərbaycanla yanaşı İran, Qazaxıstan, Rusiya Federasiyası və Türkmənistanın nümayəndə heyətlərinin qatıldığı iclasda tərəflər Komissiyanın əvvəlki qərarlarının icrası, 2024-cü ildə istifadə olunmuş balıqçılıq kvotaları, ehtiyatların bərpasına yönəlmiş balıqartırma proqramları və su bioresurslarının mühafizəsi ilə bağlı görülmüş tədbirlər barədə müzakirələr aparıblar.
İclas zamanı 2024-cü ilin elmi tədqiqat məlumatları əsasında Xəzər dənizində su bioresurslarının mövcud vəziyyəti müzakirə olunub, növlərin biokütlələrində baş verən dəyişikliklər və ekoloji risklər qiymətləndirilib, 2026-cı il üçün birgə balıqçılıq kvotaları təsdiq edilib və Komissiyanın işçi qruplarının fəaliyyəti dəyərləndirilərək növbəti mərhələ üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Azərbaycan nümayəndə heyəti tərəfdaş ölkələrlə elmi tədqiqatların koordinasiyasının gücləndirilməsinin, biomonitorinq sistemlərinin təkmilləşdirilməsinin və Xəzər dənizində nərə balıqlarının bərpa proqramlarının genişləndirilməsinin vacibliyini qeyd edib.
İclasın sonunda Komissiyanın 9-cu iclasının yekun Protokolu imzalanıb.

