Mülki müdafiə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nəsimi, Nizami, Sabunçu və Suraxanı Rayon İcra hakimiyyətlərində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, tədbirlərdə FHN-in Bakı Regional Mərkəzinin və həmin rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, yerli özünüidarəetmə orqanlarının, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının məsul nümayəndələri iştirak ediblər.

Müşavirələrdə Regional Mərkəzin və icra hakimiyyətlərinin məsul şəxsləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Daha sonra Bakı Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən bəhs edib, mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, bu ilin təqvim planına uyğun olaraq, rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə mövzu ilə əlaqədar müzakirələr aparılıb, suallar cavablandırılıb.