Növbəti “Yüksəliş” müsabiqəsinin qeydiyyat tarixi ictimaiyyətə tezliklə açıqlanacaq

Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat tarixi və qeydiyyat prosesi barədə ictimaiyyətə yaxın zamanda məlumat veriləcək.

Bu barədə  müsabiqənin Təşkilat Komitəsindən bildirilib.

Xatırladaq ki, dekabrın 10-da Prezident İlham Əliyev 2026-cı ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

2019–2021-ci illərdə keçirilmiş ilk müsabiqədə 27 qalib, 2022-ci il ikinci müsabiqədə 22, 2023-cü il üçüncü müsabiqədə 22, 2024-cü il dördüncü müsabiqədə 25 və 2025-ci il beşinci müsabiqədə 20 qalib müəyyən olunub. Beləliklə, ötən beş müsabiqə üzrə ümumilikdə 70 minə yaxın müraciət qəbul edilib, 40 minə yaxın Azərbaycan vətəndaşı prosesdə iştirak edib və nəticədə 116 nəfər qalib elan edilib.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat qazanırlar.

Müsabiqə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.