Beynəlxalq axtarışa verilmiş daha 1 şəxs Azərbaycana ekstradisiya olunub
Beynəlxalq axtarışa verilmiş daha 1 şəxs Azərbaycana ekstradisiya olunub.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Herayev Ramazan Məhəməliyeviçin ekstradisiyası haqqında qərar qəbul olunub.
Belə ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ramazan Herayevin külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Ramazan Herayev Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

