Səhiyyə Nazirliyi nəzdində Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb
Səhiyyə Nazirliyi nəzdində Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi (SOC) fəaliyyətə başlayıb. Mərkəzin yaradılması səhiyyə sahəsində rəqəmsallaşma prosesinin təhlükəsizliyinin təmin edilməsi, habelə xüsusi əhəmiyyətli məlumat infrastrukturunun mühafizəsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi baxımından mühüm strateji addımdır.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, SOC mərkəzi 24/7 fasiləsiz növbəli rejimdə fəaliyyət göstərərək tibbi informasiya sistemlərinin, pasiyent məlumatlarının və rəqəmsal səhiyyə xidmətlərinin kibertəhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynayacaq. Proaktiv monitorinq, kiberhücumların və informasiya təhlükəsizliyi insidentlərinin erkən aşkarlanması və operativ şəkildə aradan qaldırılması mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir.
Mərkəzin əsas məqsəd və vəzifələrinə tibbi məlumatların konfidensiallığının və bütövlüyünün qorunması, tibb müəssisələrinin fəaliyyətinə mane olan kiberhücumların qarşısının alınması, nazirliyin tabeliyində olan informasiya sistemlərinin mərkəzləşdirilmiş monitorinqi və insidentlərə operativ reaksiya mexanizmlərinin tətbiqi daxildir.
Səhiyyə sahəsində məlumat təhlükəsizliyinin təmin edilməsi vətəndaşların etimadının və milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. SOC mərkəzinin fəaliyyəti çərçivəsində Data Loss Prevention (DLP) və Identity & Access Management (IAM) kimi müasir təhlükəsizlik həllərinin tətbiqi yekunlaşma mərhələsindədir və milyonlarla pasiyentin məlumatları ciddi nəzarətdə saxlanılır.
Rəqəmsal transformasiya müvafiq mühafizə tədbirlərinin görülməsini zəruri edir və yeni SOC mərkəzi ölkənin səhiyyə sisteminin kiberdavamlılığının artırılması üçün vacib həlldir.

