“Avant Group” MTK tərəfindən tikinti işləri aparılan zaman bir sərv ağacının kəsildiyi müəyyən edilib
Yasamal rayonu, Şərifzadə küçəsində ağacların kəsilməsi ilə bağlı mediadan daxil olan məlumat əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, araşdırma zamanı həmin ünvanda “Avant Group” MTK tərəfindən tikinti işləri aparılan zaman bir sərv ağacının kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
“Yaşıllıqların mühafizəsinə həssas yanaşan ictimaiyyət və media nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə görə təşəkkür edir, eyni zamanda, vətəndaşlardan xahiş edirik ki, yaşıllıqlara zərər vurulması halları ilə rastlaşdıqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etsinlər”,- deyə məlumatda bildirilir.

