Kiyevdə Azərbaycan dilini tədris edən Səfayə Naibova: Dilimizi qorumaq xaricdə yaşayan azərbaycanlılar olaraq bizi də məsuliyyətli edir

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin qorunmasının və xaricdə yaşayan azərbaycanlıların da doğma dilini mükəmməl bilməsinin vacibliyini qeyd edib.

Ukrayna soydaşlarımızın daha çox yaşadığı ölkələrdən biri olduğu üçün burada Azərbaycan dilinin tədrisi və təbliği həmişə diqqət mərkəzində olub. Kiyevdə 20 ilə yaxındır Azərbaycan dilini tədris və təbliğ edən soydaşlarımızdan biri Səfayə Naibovadır.

AZƏRTAC-ın xüsusi müxbiri Səfayə Naibovla görüşərək Azərbaycan dilinin Ukraynada tədrisi və ümumiyyətlə ölkəmizin tarixi, mədəniyyətinin təbliğinə dair söhbətləşib.

Səfayə Naibova bildirib ki, 2009-cu ildən aktiv olaraq Azərbaycan dilinin tədrisi və təbliği ilə məşğuldur. Bu müddət ərzində Kiyevdəki 37, 135, 188, 247 və 291 nömrəli orta ümumtəhsil məktəblərində Azərbaycan dili sinifləri uğurla fəaliyyət göstərib. O, həmin təhsil müəssisələrində yüzlərlə gənc həmvətənimizə və ukraynalıya Azərbaycan dili öyrədilib.

Hazırda isə Səfayə Naibova Kiyevin 247 saylı orta məktəbində Azərbaycan dili və tarixini tədris edir.

“Bizim dilimiz ecazkar, şeirə yatımlıdır. Ukraynalılar da həmişə qeyd edirlər ki, Azərbaycan dili musiqi dilidir. Hətta azərbaycanlı oğlanlarla ailə quran ukraynalı qızlar da Azərbaycan dilini öyrənmək üçün müraciət edirlər. Fikrimcə Azərbaycan dili zənginliyinə görə, dünya dilləri arasında yer tutur”, - deyə Səfayə Naibova əlavə edib.

Soydaşımız bildirib ki, Prezident İlham Əliyevin birbaşa diqqəti və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xarici ölkələrdə Azərbaycan dili məktəblərinin sayı artmaqdadır: “Hörmətli Prezidentimizin dediyi kimi dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”.

Müharibə şəraitinə baxmayaraq gənc həmvətənlərimiz və onların müxtəlif xalqların nümayəndələri olan yaşıdları müəllim Səfayə Naibovanın rəhbərliyi ilə Azərbaycan dilini, Odlar Yurdunun ədəbiyyatını və tarixini öyrənir, milli adət-ənənələrimizlə tanış olurlar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Fotosessiya