Baş Prokurorluq: AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ibtidai istintaq nəticəsində həmin mərkəzin direktoru Mehman Əliyevin baş mühasib Hasil Əskərov və ümumi işlər üzrə direktor müavini Namik Qasımov ilə cinayət əlaqəsinə girərək, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə vətəndaş Mehman Qəribovun köməkliyi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 2023-cü ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək əmək funksiyalarını faktiki olaraq icra etməyən şəxslərə əməkhaqqının ödənilməsi, qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi adı ilə dövlət büdcəsinin vəsaitinin nağdlaşdırılmasına nail olmaqla onlara etibar edilmiş külli miqdarda pul vəsaitini mənimsəmə və israfetmə yolu ilə talamalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanılmış sübutlar əsasında Mehman Əliyev və Hasil Əskərova müvafiq olaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.1 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə), Namik Qasımova həmin Məcəllənin 179.2.1, 179.2.3, 179.2.4, Mehman Qəribova isə həmin Məcəllənin 32.5, 179.2.1, 32.5, 179.2.3, 32.5, 179.2.4 və digər maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə əsas, Mehman Əliyev və Namik Qasımov barəsində iş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

