Bərdədə silah alveri ilə məşğul olan iki nəfər saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahların əldə edilməsi və satışı ilə məşğul olan iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan  verilən məlumata görə, tədbirlər nəticəsində müəyyən edilib ki, Ağcabədi rayon sakini, 25 yaşlı Sahil Kərimzadə və onunla qabaqcadan əlbir olan həmyerlisi 27 yaşlı İntiqam Rüstəmov qanunsuz odlu silahların satışını təşkil ediblər.

Qrup üzvlərindən biri - S.Kərimzadə Bərdə rayonu ərazisində idarə etdiyi avtomobillə hərəkətdə olarkən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı yük yerindən pul müqabilində satmaq üçün gətirdiyi 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara aid 2 ədəd patron darağı və 60 ədəd patron aşkar olunaraq götürülüb.

Tədbirin davamı olaraq odlu silah-sursatı qanunsuz şəkildə əldə edərək saxlayan İ.Rüstəmov Xocavənd rayonu ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilib.

Onlardan ümumilikdə 4 ədəd “Kalaşnikov” avtomatı, 4 patron darağı və 60 ədəd patron götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.