Dövlət Komitəsi keçmiş məcburi köçkün Orxan Fətəliyevin müraciəti ilə bağlı açıqlama yayıb

Ötən gün keçmiş məcburi köçkün Orxan Fətəliyevin sosial şəbəkələrdə Dövlət Komitəsinin qəbul otağından paylaşdığı video ilə bağlı Komitə tərəfindən rəsmi açıqlama verilib.

Açıqlamada Zəngilan rayonunun Məmmədbəyli kəndindən olan keçmiş məcburi köçkün Fətəliyev Orxan Məhəmməd oğlunun ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri şossesində qanunsuz inşa edilmiş şəxsi mənzildə məskunlaşdığı bildirilib.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə köçürülmə zamanı, ilk növbədə, qəzalı vəziyyətdə və ağır şəraitdə – yataqxana, sanatoriya, düşərgə kimi müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələrə üstünlük verilir. Orxan Fətəliyevin hazırkı yaşayış şəraitinin normal olduğu nəzərə alınaraq, onun Məmmədbəyli kəndinə köçürülməsi məsələsinə yeni evlər tikildikdən sonra növbəti mərhələlərdə, qanunvericiliyə uyğun şəkildə yenidən baxılacağı bildirilib.

Açıqlamada Orxan Fətəliyevin müraciətlərinə baxılmaması ilə bağlı iddialarının həqiqəti əks etdirmədiyi vurğulanıb. Bildirilib ki, vətəndaşın Dövlət Komitəsinə ünvanladığı yazılı müraciət 2025-ci il dekabrın 19-da müvafiq qaydada cavablandırılaraq ünvanına göndərilib. Eyni zamanda, onun bir neçə dəfə Komitənin rəhbər şəxslərinin qəbulunda olduğu qeyd edilib. Ötən gün də Dövlət Komitəsində olarkən aidiyyəti struktur bölmənin rəhbəri tərəfindən qəbul edildiyi və müraciəti ilə bağlı ona ətraflı izahat verildiyi diqqətə çatdırılıb.

Məlumatda, həmçinin bildirilib ki, Orxan Fətəliyevin atası Məhəmməd Fətəliyev digər oğlu ilə birlikdə Zəngilan rayonunun Məmmədbəyli kəndində ailə tərkibinə uyğun olaraq 4 otaqlı mənzillə təmin edilib.

Dövlət Komitəsi bir daha vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi mərhələli şəkildə, şəffaflıq və sosial ədalət prinsipləri əsasında həyata keçirilir.