“Şəhərsalma və Memarlıq İli” ilə bağlı stend və kitab sərgisi təşkil olundu - FOTO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Şəhərsalma və Memarlıq İli” ilə bağlı stend və kitab sərgisi hazırlandı.

Oxuculara təqdim olunan stenddə Azərbaycan Respublikası Prezidentinin  “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi”, “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” və “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi haqqında” sərəncamları, Ümumdünya Şəhərsalma Forumu ilə bağlı ölkəmizdə görülən işlər, xalqımızın şəhərsalma və memarlıq sahəsində tarixi təcrübəsi, Azərbaycanın YUNESKO-da təmsil olunan maddi və qeyri-maddi mədəni irsləri, Heydər Əliyev Mərkəzi  haqqında məlumatlar var. Bundan başqa, stenddə Azərbaycanın qədim tarixi və müasir memarlıq abidələrinin fotoşəkilləri yerləşdirilib.

“Şəhərsalma və Memarlıq İli” kitab sərgisində Azərbaycan Respulikasının Memarlar İttifaqı tərəfindən nəşr olunan memarlığına həsr olunmuş maraqlı fotoalbomlar, Şamil Fətullayevin “Bakıda şəhərsalma XIX əsr və XX əvvəllərində” və “Bakı memarları XIX əsr və XX əvvəlində”, memarlığa aid digər kitab və ensiklopediyalar nümayiş olunur.

“Əcəmi Naxçıvani – 900” kitab sərgisində görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş kitablar, orta əsrlərin memarlıq abidələri və memarlıq məktəbləri haqqında kitablar, Naxçıvan Muxtar Respublikasına həsr olunmuş ensiklopediyalar təqdim edilir.

Fotosessiya