Kamran Əsədov həbs edilib
İmtahanlara qanunsuz texniki vasitələr keçirməkdə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov həbs edilib.
Bu barədə bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə cinayət işinə baxış üzrə keçirilən prosesdə qərar qəbul olunub.
Belə ki, prokuror təqsirləndirilən şəxsin qətimkan tədbiri şərtlərini pozduğu üçün seçilmiş qətimkan tədbirinin həbslə əvəz edilməsini istəyib. Məhkəmə təqdimatı əsaslı hesab edib. K.Əsədov məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, K.Əsədov və G.Abbasova Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.
Xatırladaq ki, araşdırmalar davam edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4.2-ci yarımbəndinə əsasən imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır. Abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, qayda pozuntularının qəbul kampaniyasının hansı mərhələsində aşkar edilməsindən asılı olmayaraq, onlar iştirakçıların müsabiqə (imtahan) nəticələrinin ləğv edilməsi üçün əsas yaradır".//Trend

