“KİTABLAR SƏLTƏNƏTİNİN İNCİLƏRİ” adlı mütaliə silsiləsi başlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası bu gündən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsi başlandı.

Bu önəmli, nəcib və xeyirhaq işin məqsədi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası çərçivəsində Azərbaycan dilinin daha da geniş yayılmasına və öyrənilməsinə dəstək olmaq, ədəbi irsimizi təbliq etmək və dünya ədəbiyyatının ən gözəl nümünələri haqqında insanlara, əsasən gənc və yeniyetmələrə məlumat verməkdir.

Mütaliə silsiləsində oxucular maraqlı və mənalı kitablarla tanış olacaqlar. İlk olaraq oxuculara Xalq yazıçısı  Çingiz Abdullayevin “Veneranın ikinci dəfə həyata gəlməsi” kitabı haqqında qısa məlumat verilir. 

Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı, publisist Şahzadə İldırım bu kitabı bir nəfəsə oxudu. Atlantik okeanında gizlənmiş cənnət, ekzotik Madeyra adasının paytaxtı Funşalın ən gözəl və ən böyük “Kuinta de Kasa Braya” hotelinin lüks nömrəsində ölüm hadisəsi qeydə alınır. Ölən kimdir? Şəxsi katibi ilə Nyu-Yorkdan gəlmiş 80-ə yaxın yaşı olan baronessa Elizabet Hilberq... Baronessanın ölümü təbii ölüm kimi görünür. Otaq da tam səliqəli, baronessanın zinət əşyaları, bahalı daş-qaşları, hətta pulları da yerində idi.

Kitabda ən çəkili və vacib şəxs kimdir? Uzaq Madeyra adalarında istirahətdə olan əslən bakılı ekspert-analitik Dronqo. O, vəziyyətə laqeyd ola bilərdimi? Hər kəsin barmaqarası baxdığı bir itkiyə Dronqo ciddi yanaşdı. Bu, baronessanın itmiş gəlinciyi idi. Bir az qəribə görünmürmü? Yaşlı qadının ölümü və yoxa çıxan gəlincik... Görəsən nə varmış bu gəlincikdə ki, oğurlanan bircə o imiş? Bu kitabsevərlərlə maraq doğuracaq sualdır.

Dronqo öyrənir ki, bu gəlinciyi nə az, nə çox 4,5 milyon avro dəyərində sığorta şəhadətnaməsi var. Hər şey bundan sonra başlayır. Hadisələrin axarı çox maraqlıdır. Baronessa ölmüşdümü, öldürülmüşdümü? Gəlincik hardadır? O, necə oldu?

Kitabxanadakı bu maraqlı kitabı oxumaq tövsiyə edilir və kitabdan yazıçı Şahzadə İldırım tərəfindən səsləndirilmiş qısa bir epizod oxuculara təqdim edilir.