Komitə sədri Leyla Calalovanı təbrik edib
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Qərbi Azərbaycan İcmasının üzvü, ADPU Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalovanı təbrik edib.
Təbrik məktubunda deyilir:
"Sizi – Qərbi Azərbaycan mövzusunun elmi araşdırılması, tarixi yaddaşın qorunması və ictimai platformalarda ardıcıl təbliği ilə seçilən tarixçi-alimi – əlamətdar yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdindəki Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, habelə Qərbi Azərbaycan İcması Qadınlar Şurasının və Dərələyəz (Keşkənd) icmasının fəal üzvü olaraq, professor Mahirə Hüseynovanın rəhbərliyi ilə apardığınız tədqiqatlar, özəlliklə Azərbaycanın xanlıqlar dönəminə dair araşdırmalarınız elmi obyektivlik və mənbə əsaslı yanaşma ilə seçilir. İctimai fəaliyyətiniz, bir alim olaraq gördüyünüz işlər, ümumən milli-mənəvi dəyərlərimizin yaşadılması və tarixi ədalətin bərpası yönündə çalışmalarınız təqdirəlayiqdir.
Qərbi Azərbaycana qayıdış platformasında “Yurdun Səsi” qəzetində və “İz” jurnalında redaksiya fəaliyyətiniz, eləcə də “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: tarixi və siyasi varislik” (Bakı, 2025) adlı monoqrafiyanız bu hərəkatın elmi-intellektual əsaslarının möhkəmlənməsinə sanballı töhfədir. Bu fəaliyyətlər ictimai şüurun formalaşmasına, milli yaddaşın sistemli şəkildə cəmiyyətə çatdırılmasına xidmət edir.
Əlamətdar yubileyiniz münasibətilə Sizə möhkəm cansağlığı, ailə səadəti, elmi və ictimai fəaliyyətinizdə yeni uğurlar arzulayıram!"

