“70 ilin işıqlı yolu”

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının  Uşaq şöbəsi və X.B.Natəvan adına 4№-li kitabxana filialı T.Abbasov adına 225№-li tam orta məktəblə birgə uşaqların sevimli yazıçı və şairi, pedaqoq, professor Solmaz Amanovanın 70 illik yubileyinə həsr edilmiş “70 ilin işıqlı yolu” adlı tədbir keçirdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yubiley gecəsini Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Sevil Namazova açaraq, Solmaz Amanovanın həyatı, ədəbi fəaliyyəti və uşaq ədəbiyyatına verdiyi töhfələr haqqında məlumat verdi. O qeyd ki, yazıçı öz əsərlərində uşaqların saf dünyasını, onların düşüncə tərzini ön plana çəkərək oxuculara dostluq, Vətənə sevgi və davranış kimi dəyərləri aşılayır. Yazıçı ilk qələm təcrübəsini XX əsrin 70-ci illərində “Ulduz” jurnalında sınamışdır. Dövri mətbuatda şeir, hekayə, elmi-kütləvi məqalələrlə çıxış edir.

          Məktəbin direktoru Sevda Eminova və direktor  müavini, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Zenfira Nusalova qonaqları salamladılar və yubilyarı təbrik etdilər. Z.Nusalova çıxışında vurğuladı ki, ədibin uşaqlar üçün yazdığı əsərləri şifahi xalq ədəbiyyatına və adət-ənənələrimizə bağlılığı ilə seçilir. Onun “İnsan iz qoyur”, “İrs” və s. əsərləri Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir.

    Yazıçı tədbir iştirakçılarına yaradıcılığıdan və gələcək planlarından, müasir uşaq ədəbiyyatının inkişaf perspektivlərindən danışdı. O, şagirdlərlə kitab və mütaliənin əhəmiyyəti barədə fikir mübadiləsi apardı, uşaqlar oxuduqları kitablar haqqında düşüncələrini yazıçı ilə bölüşdülər.

      Görüşdə 3-cü sinif şagirdləri yubliyarın şeirlərini söylədilər, 4-cü sinif şagirdləri mahnılar ifa etdilər. 7-ci sinif şagirdləri yubilyarın yeni əsərlərindən bir-birindən maraqlı səhnəciklər nümayiş etdirdilər. “İlmənin məcaraları” əsərindən səhnələşdirilmiş parçalar çox maraqlı oldu, 5-ci sinif şagirdlərinin rəngarəng rəqsləri alqışlarla qarşılandı.

     Yubiley gecəsinin sonunda Solmaz Amanova məktəbin müəllimləri Esmira Hüseynovaya, Cəmilə Əliyevaya, Vüsalə Əsədova, Tahirə Zöhrabovaya və Gülnarə Hüseynovaya, qonaqlara və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirdi.

    Tədbirdə yazıçının yubileyinə həsr olunmuş maraqlı videoçarx nümayiş olundu.