Akademik Akif Əlizadə  Scopus və Web of Science elmi bazalarında indeksləşən jurnallarda  dərc edilmiş məqalələr barədə danışıb

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda Elmi şuranın ilk iclası keçirilib. Baş direktor akademik Akif Əlizadə giriş sözü söyləyib, Scopus və Web of Science elmi bazalarında indeksləşən jurnallarda alim həmkarlarının dərc edilmiş məqalələri barədə danışıb. Akademik  sonra elmi-təşkilati məsələlərə toxunaraq akademik Şamil Əzizbəyovun 120 illiyi ilə bağlı Elmi şuranın yubiley iclasının keçirilməsi haqqında (ADNSU, AR ETSN-nin Geoloji Kəşfiyyat Agentliyi PHŞ ilə birlikdə) məlumat verib. 


İnstitutun elmi-tədqiqat işlərinin əhatəli planı haqqında icraçı direktor AMEA-nın müxbir üzvü Dadaş  Hüseynov məruzə edib. Karbohidrogen sistemləri, regional geologiya, geodinamika və metallogeniya, Yerin fiziki sahələri, tibbi geologiya istiqamətlərində və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində cari ildə reallaşacaq kompleks işlərin əhatəli proqramını təqdim edib.


2026-cı il üzrə Elmi şuranın,  Yer elmləri sahəsində Ümumrespublika elmi seminarının, gənc tədqiqatçılar üçün təşkil edilmiş Lektoriyanın iş planları haqqında İnstitutun elmi katibi g.-m.e.n. Yeganə Lətifova geniş məlumat təqdim edib.


Elmi şura üzvlərinin konkret təkliflərini, düzəlişlərini nəzərə alaraq iş planları təsdiq edilib. Digər cari məsələlərin müzakirəsi ilə Elmi şura işini sona çatdırıb.