Lənkəran rayonunda fəaliyyət göstərən quş kəsim sexində qanunvericiliyin pozulması faktı aşkarlanıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən quş kəsim sexində qanunvericiliyin pozulması faktı aşkarlanıb.
SİMDNX-dən bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər əsasında aprelin 17-də Xidmətin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Lənkəran Rayon Polis Şöbəsi və Sütəmurdov bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçiriblər.
Araşdırmalar zamanı müəyyən edilib ki, kəsim sexində istehsal prosesi nəticəsində yaranan tullantı suları heç bir təmizləyici qurğudan keçirilmədən torpaq məcralı axar vasitəsilə birbaşa Xəzər dənizinə axıdılıb.
Faktla bağlı Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi laboratoriyanın əməkdaşları tərəfindən müxtəlif nöqtələrdən su nümunələri götürülərək laborator analizlər aparılıb. Nəticələr tullantı sularında çirkləndirici maddələrin miqdarının normadan artıq olduğunu və suların təmizlənmədən dənizə axıdıldığını təsdiqləyib.
Aşkar olunmuş qanun pozuntusu ilə əlaqədar kəsim sexinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib və qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul olunub.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən ətraf mühitin mühafizəsi və su ehtiyatlarının qorunması istiqamətində nəzarət tədbirlərinin davam etdirildiyi bildirilib.

