Bakı və Gəncə şəhərləri, Zaqatala, Qax və Qəbələ rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Gəncə şəhərləri, Zaqatala, Qax və Qəbələ rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Xidmətdən verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 22 ünvanında, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1176-cı məhəllədə, Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsi 3166-cı məhəllədə, Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində, Xəzər rayonunun Şağan qəsəbəsində, Gəncə şəhəri Mübariz İbrahimov küçəsində, Zaqatala rayonunun Əliabad qəsəbəsində, Qax rayonunun Əlibəyli kəndində, Qəbələ rayonunun Tüntül kəndi və Nic qəsəbəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 149 min 520 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

