BDYPİ “Son zəng” günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Son zəng” günü ilə bağlı məzunlara və valideynlərə müraciət ünvanlayıb.

Bu barədə  BDYPİ-dən məlumat verilib.

“Təəssüf hissi ilə qeyd etməliyik ki, ötən illərin təhlili göstərir ki, bəzi hallarda məzunlar və yeniyetmələr “Son zəng” günü valideynlərinə, qohumlarına və ya digər şəxslərə məxsus nəqliyyat vasitələrini idarə etməyə cəhd göstərir, yaxud onlara bu cür imkan yaradılır. Belə məsuliyyətsiz davranışlar isə əksər hallarda ağır yol-nəqliyyat hadisələri, insan itkisi, yaxud digər faciələrlə nəticələnir”, - deyə müraciətdə vurğulanıb.

Xatırladılıb ki, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmək, habelə avtomobilin sürücülük hüququ olmayan şəxslərə etibar edilməsi yolverilməzdir. Belə hallar təkcə qanunvericiliyin tələblərinin pozulması deyil, həm də insanların həyat və sağlamlığını ciddi təhlükə altına qoyan hərəkətlərdir.

Eyni zamanda, diqqətə çatdırılıb ki, skuterlərin idarə edilməsi üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddi, moped və motosikletlərin idarə edilməsi üçün isə müvafiq sürücülük hüququ tələb olunur. Bu nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə zidd şəkildə idarə edilməsi, eləcə də onlardan təhlükəli və nümayiş xarakterli hərəkətlər üçün istifadə olunması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.

“Valideynlərə müraciət edərək onları övladları üzərində nəzarəti daha da gücləndirməyə, həyat və sağlamlığı təhlükə altına qoya biləcək davranışların qarşısını vaxtında almağa çağırırıq. Unutmaq olmaz ki, diqqətsizlik və ya səhlənkarlıq nəticəsində baş verən hadisələr sonradan ağır peşmançılıq doğuran, bəzən isə geri dönüşü olmayan nəticələrə səbəb olur. Eyni zamanda, avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, nəqliyyat vasitələrini sürücülük hüququ olmayan şəxslərə təqdim etməməyə çağırırıq”,- deyə müraciətdə qeyd olunub.

BDYPİ bildirib ki, “Son zəng” tədbirləri ilə əlaqədar ümumi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, məzunların daha çox toplaşdıqları məkanlarda və hərəkətin intensiv olduğu istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə xidmət gücləndirilmiş rejimdə təşkil ediləcək, zəruri nəzarət-profilaktik tədbirlər həyata keçiriləcək. Yol hərəkəti iştirakçılarından isə xahiş edilib ki, polis əməkdaşlarının qanuni tələblərinə əməl etsinlər, hərəkətin təşkilinə mane ola biləcək davranışlardan çəkinsinlər və ümumi təhlükəsizlik tədbirlərinə anlayışla yanaşsınlar.