Son iki gündə 63 cinayətin açılması təmin olunub
İyunun 27-də və 28-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 57, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 23 və dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 30 fakt müəyyən olunub, ümumi çəkisi 150,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 135,2 kiloqramdan çox marixuana, 2,9 kiloqrama yaxın heroin, 5 kiloqrama yaxın tiryək və 7 kiloqramdan çox həşiş olub. Kultivasiya yolu ilə yetişdirilmiş 188 ədəd çətənə kolu da aşkarlanaraq götürülüb, yabanı halda bitmiş 9 min 934 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən olunub. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 16 tüfəng, 1 patron darağı və 269 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər də saxlanılıb.

