Azərbaycan Vəkillər Kollegiyası 1 vəkili Kollegiyadan xaric edib
Azərbaycan Vəkillər Kollegiyası 1 vəkili Kollegiyadan xaric edib.
Kollegiyadan bildirilib ki, qərar 2026-cı il iyulun 15-də keçirilən Rəyasət Heyətinin növbəti iclasında qəbul olunub.
İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıdakı prioritet istiqamətlər barədə məlumat verib.
Gündəliyə uyğun olaraq bir sıra təşkilati, maliyyə və kadr məsələləri müzakirə olunub. Bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlərə, həmçinin Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının inzibati binasında təmir işlərinin aparılması üçün maliyyə dəstəyinin ayrılması barədə müraciətə baxılaraq müsbət qərarlar qəbul edilib.
Rəyasət Heyəti həmçinin Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində yaradılacaq “Hüquqi Təcrübə və Tədqiqat Mərkəzi”nin maddi-texniki bazasının formalaşdırılmasına maliyyə dəstəyi göstərilməsi, eləcə də hüquqşünaslıq ixtisası üzrə təhsil alan üç tələbəyə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının xüsusi təqaüdünün ayrılması barədə qərar qəbul edib.
İclasda fərdi qaydada fəaliyyət göstərən və sığorta ödənişlərini icra etməyən bəzi vəkillərlə bağlı məsələ də müzakirə olunub. Qanunvericiliyin tələbləri nəzərə alınmaqla müvafiq qərar qəbul edilib.
Bundan başqa, əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə Vəkillər Kollegiyası Aparatının əməkdaşı Gözəl Hüseynzadə Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif olunub.
İntizam məsələlərinə baxılması zamanı 1 vəkil Kollegiyadan xaric edilib, 1 vəkilə xəbərdarlıq olunub, 4 vəkil barəsində cərimə intizam tənbehi tətbiq edilib, 2 vəkilə töhmət verilib. Həmçinin 2 vəkilin gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı digər cari məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

