BDYPİ küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə müşahidə olunan küləkli hava ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib.
BDYPİ-dən bildirilib ki, hazırda ölkə ərazisində müşahidə olunan küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bununla əlaqədar əlverişsiz hava şəraitinin yollarda yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə sürücülər və piyadalar ehtiyatlı olmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırılıb.
Qeyd olunub ki, qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sürücüləri daha məsuliyyətli davranmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu nəzərə almalı, daşıdıqları yükün etibarlı şəkildə qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
İdarə sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər təhlükə yarada biləcək obyektlərdən kənarda saxlamağı, park zamanı isə qapalı məkanlara üstünlük verməyi tövsiyə edib.
Bundan başqa, açıq ərazilərdə küləyin yaratdığı toz dumanı səbəbindən görünüş məsafəsinin məhdudlaşdığı bildirilib. Sürücülərə sürət həddini və ara məsafəsini nəzarətdə saxlamaq, ötmə və manevr zamanı xüsusilə diqqətli olmaq tövsiyə olunub.
BDYPİ piyadaları da mövcud hava şəraitini düzgün qiymətləndirməyə, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına sala biləcək davranışlardan çəkinməyə çağırıb.

