Azərbaycanda “Dövlət auditi” informasiya sistemi yaradılır

Azərbaycanda “Dövlət auditi” informasiya sistemi (DAİS) yaradılır.

Prezident İlham Əliyev “Dövlət auditi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, “Dövlət auditi” informasiya sistemi yaradılır. Həmçinin “Dövlət auditi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq olunub. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Hesablama Palatası “Dövlət auditi” informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görəcək. Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə DAİS-in Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə DAİS-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görüləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin edəcək.

Dövlət orqanları (qurumları) ilə birlikdə məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görüləcək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.