Neft qiymətlərinin bahalaşması: səbəblər və nəticələr
Qlobal neft bazarında qiymətlər avqust ayında geosiyasi gərginlik və tədarük risklərinin təsiri ilə yüksəlir. Yaxın Şərqdə vəziyyətin mürəkkəbləşməsi, xüsusilə neft daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar bazarda qiymətlərin dəyişkənliyini artırır.
İyun ayında ABŞ və İran arasında imzalanan sülh razılaşmasından sonra “Brent” markalı xam neftin bir barelinin qiyməti iyulun 2-də 69 dollara düşüb. Lakin, Hörmüz boğazından keçən tankerlərə hücumların yenidən başlaması və iyulun sonrakı günlərində neft daşınmalarının azalması qiymətlərin artmasına səbəb olub. “Brent” neftinin bir barelinin qiyməti iyulun 23-də 105 dollara yüksəlib. Hazırda “Brent” markalı neftin bir bareli 87 dollar, “Light” neftinin qiyməti isə 82 dollar ətrafındadır. Hər iki əsas neft markası həftə ərzində təxminən 4 faiz bahalaşıb.
Geosiyasi risklər əsas amildir
Neft qiymətlərinin artmasının əsas səbəblərindən biri Yaxın Şərqdə davam edən gərginlikdir. ABŞ-İran münasibətlərindəki qarşıdurma və Hörmüz boğazında neft daşımalarının məhdudlaşması ilə bağlı risklər bazarda tədarüklə bağlı narahatlığı artırıb.
Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyır. Qlobal neft daşımalarının təxminən beşdəbiri bu marşrutdan keçir. Ona görə də burada uzunmüddətli fasilənin yaranması dünya bazarında təklifin azalmasına və qiymətlərin daha da yüksəlməsinə səbəb olur. Hörmüz boğazından daşınan xam neft və digər neft məhsullarının həcmi münaqişədən əvvəl - 2025-ci ilin son rübündə gündəlik orta hesabla 21,6 milyon barel olduğu halda, bu göstərici cari ilin ikinci rübündə sutkada 4,9 milyon barelə düşüb.
Bununla yanaşı, Yaxın Şərqdə hasilat və ixrac imkanlarının azalması da bazardakı vəziyyəti həssaslaşdırır. Qara dəniz regionunda neft infrastrukturu ilə bağlı problemlər isə təchizat risklərini daha da artırır.
Lakin bazarda qiymətləri yalnız geosiyasi amillər müəyyənləşdirmir. Qlobal iqtisadi fəallığın zəifləməsi və neftə tələbin artım tempinin aşağı düşməsi bahalaşmanı məhdudlaşdıran əsas amillərdəndir. ABŞ-də kommersiya neft ehtiyatlarının artması da qiymətlərə əlavə təzyiq yaradır.
Hazırda neft bazarında iki əks istiqamətli proses müşahidə olunur. Geosiyasi gərginlik və mümkün tədarük fasilələri qiymətləri yuxarı çəkir, zəif tələb və artan ehtiyatlar isə yüksəlişi məhdudlaşdırır. Bu səbəbdən yaxın müddətdə bazarda yüksək dəyişkənliyin davam edəcəyi gözlənilir.
Beynəlxalq Enerji Agentliyi (IEA) yüksək enerji qiymətlərinin tələbi azaltmasına baxmayaraq, İranla yenidən alovlanan münaqişə səbəbindən qlobal neft ehtiyatlarının bu rüb ərzində gözləniləndən daha çox azalacağı gözləyir. Bazarın bu ilin sonuna yaxın tədarük artıqlığına qayıtması proqnozlaşdırılsa da, risklər əhəmiyyətli olaraq qalır və strateji neft ehtiyatlarının sürətlə tükənməsi səbəbindən Hörmüz boğazının yenidən açılmasının təcililiyi artıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) isə bu il qlobal neft tələbatının ötən illə müqayisədə 580 min barel artaraq gündəlik 105 milyon 740 min barelə çatacağını gözləyir. Qeyri-OECD ölkələrində tələbatın 610 min barel artaraq sutkalıq 59 milyon 820 min barel, OECD ölkələrində isə 40 min barel çoxalaraq gündəlik 45 milyon 910 barel olacaq. 2027-ci ildə qlobal neft tələbatının bu illə müqayisədə 2 milyon 160 min barel artaraq sutkada 107 milyon 900 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
Yüksək neft qiymətləri dünya iqtisadiyyatına və Azərbaycana hansı nəticələr vəd edir?
Neft qiymətlərinin bahalaşması ilk növbədə enerji idxalından asılı ölkələr üçün əlavə xərc yaradır. Xam neftin qiymətinin yüksəlməsi benzin, dizel və aviasiya yanacağının, eləcə də bir sıra neft-kimya məhsullarının bahalaşmasına səbəb olur. Nəqliyyat xərclərinin artması isə digər məhsulların maya dəyərinə təsir göstərərək inflyasiyanı sürətləndirə bilər.
Enerji qiymətlərinin uzun müddət yüksək qalması mərkəzi bankların pul siyasətinə də təsir edir. İnflyasiya təzyiqlərinin güclənməsi faiz dərəcələrinin daha gec aşağı salınmasına, bununla da iqtisadi fəallığın zəifləməsinə gətirib çıxara bilər.
Yüksək neft qiymətləri ixracatçı ölkələr üçün isə əlavə gəlir imkanları yaradır. Neft gəlirlərinin artması dövlət büdcəsinin imkanlarını genişləndirə, investisiyaları və xarici ticarət göstəricilərini dəstəkləyə bilər. Bununla belə, neft gəlirlərindən həddindən artıq asılılıq iqtisadiyyatın şaxələndirilməsi baxımından əlavə risklər yaradır.
Azərbaycan üçün də yüksək neft qiymətləri qısamüddətli dövrdə müsbət nəticələr vəd edir. Enerji ixracının ölkənin xarici ticarət və valyuta gəlirlərinin formalaşmasında mühüm rol oynadığını nəzərə alsaq, qiymətlərin yüksəlməsi ixrac gəlirlərinin və fiskal imkanların artmasına şərait yarada bilər.
Bununla yanaşı, əsas məsələ əlavə neft gəlirlərinin hansı istiqamətlərə yönəldilməsidir. Neft hasilatında uzunmüddətli azalma meylləri nəzərə alınmaqla, bu gəlirlərin qeyri-neft sektorunun inkişafına, sənayeləşməyə, ixracın şaxələndirilməsinə, yeni texnologiyalara və alternativ enerji layihələrinə yönəldilməsi daha böyük əhəmiyyət daşıyır.
Qarşıdakı dövr - qlobal qeyri-müəyyənlik və dəyişən bazar şərtləri
Neft qiymətlərinin bundan sonrakı istiqaməti əsasən Yaxın Şərqdə vəziyyətin inkişafından, Hörmüz boğazında daşımaların normal vəziyyətə qayıdıb-qayıtmamasından və qlobal neft tələbinin dinamikasından asılı olacaq.
ABŞ-nin Enerji İnformasiya Administrasiyası (EIA) bu il qlobal neft tədarükünün gündəlik orta hesabla 100 milyon 820 min barel, qlobal neft istehlakının isə sutkada 102 milyon 730 min barel olacağını proqnozlaşdırır. Gələn il qlobal tədarükün gündəlik orta hesabla 109 milyon 740 min barelə, tələbatın isə sutkada 104 milyon 960 min barelə çatacağı gözlənilir. Qlobal neft tələbatının gələn il bərpa olunacağı və təxminən 2,2 milyon barel artacağı gözlənilir. Bu göstərici 2025-ci ilin orta səviyyəsindən sutkada təxminən 1 milyon barel yüksəkdir.
Hörmüz boğazında davam edən fasilələrin qlobal neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olduğu və neft axını normal vəziyyətə qayıdana və ehtiyatlar doldurulana qədər qiymətlərin yüksək qalacağı proqnozlaşdırılır. Qlobal neft ehtiyatları bu ilin ikinci rübündə gündəlik orta hesabla 4,2 milyon barel azalıb və üçüncü rübdə isə sutkada orta hesabla 3,8 milyon barel azalacağı gözlənilir.
Regionda gərginliyin artması və neft daşımalarında uzunmüddətli fasilələrin yaranması qiymətlərin daha yüksək səviyyələrə qalxmasına səbəb ola bilər. Əksinə, diplomatik razılaşma və daşımaların bərpası bazardakı riskləri azaldaraq neftin ucuzlaşmasına yol aça bilər.
Qlobal iqtisadi artımın zəifləməsi də qiymətlər üçün aşağı istiqamətli risk olaraq qalır. İqtisadi fəallığın azalması neftə tələbi zəiflədə və geosiyasi risklərdən yaranan bahalaşmanın təsirini müəyyən qədər kompensasiya edə bilər.
Hazırkı mənzərə onu göstərir ki, neft bazarında yaxın dövrdə qiymətlərin istiqaməti daha çox geosiyasi hadisələrdən asılı olacaq. Azərbaycan üçün isə yüksək qiymətlər əlavə maliyyə imkanları yaratsa da, uzunmüddətli perspektivdə əsas hədəf bu gəlirlərdən səmərəli istifadə etməklə qeyri-neft iqtisadiyyatını gücləndirmək və enerji gəlirlərindən asılılığı mərhələli şəkildə azaltmaqdır.//https://azertag.az

