Şərqi Zəngəzurun Laçından başlanan karvan yolları

Yol sözünün mənşəyi Qədim Türkcədən gələn “yolak” (cığır, yol) sözüdür. Tarixdəki ilk yollar heyvanlar tərəfindən istifadə olunan yerlərdə öz-özünə yaranan cığırlar idi. Zaman keçdikcə bu cığırlar insanlar tərəfindən istifadə edilərək geniş yollara çevrilərək istifadə olunmağa başlandı. Yollardan istifadə insanları bir-birinə yaxınlaşdırdı, ticarət əlaqələrini, karvan yollarını yaratdı. Karvan ticarət yolu, əsasən, qədim zamanlar və orta əsrlərdə Çindən Ön Asiyaya qədər uzanan, Azərbaycanın bütün bölgələrindən keçən, əsasən ipək, ədviyyat, toxuculuq məmulatları və digər malların daşındığı mühüm ticarət marşrutları sistemi, xüsusən də Böyük İpək Yolunun bir hissəsidir. Bu yollar Qafqazda xristian və müsəlman sivilizasiyalarını birləşdirərək, beynəlxalq ticarəti və mədəni mübadiləni təmin edirdi.

Yerveinsan.az bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, Şərqi Zəngəzurun karvan yollarında dəvə karvanı və arabalar hərəkət edirdi. Adətən bir karvan 30-40 dəvədən təşkil olunurdu. Bütün qatarları karvanın başçısı sarvan idarə edirdi. XIX əsrdə bölgədə əsas karvan yolları Şuşa-Ağdam-Qarabulaq-Cəbrayıl, Ağdam-Şuş-Malxələf-Abdallar-Minkənd, Ağdam-Şuşa-Malxələf-Abdallar-Gorus və s. idi. Təbriz-Cəbrayıl karvan yolu da işlək idi. Şərqi Zəngəzurun Laçın rayonu ərazisində digər əsas karvan yollarından biri də Qışlaq kəndindən keçirdi. Təbrizdən və digər şəhərlərdən gələn tacirlər Qışlaq kəndindən keçən yol vasitəsilə Xudafərin-Şuşa-Ağdam-Bərdə, oradan da Gəncəyə gedirdilər. İranla Qarabağ arasında digər bir karvan yolu da Böyük Maralyan kəndindən keçərək Cəbrayıla yollanırdı. Karvan yollarındakı karvansaralar da böyük gəlir götürürdülər. XIX əsrdə bölgənin Xudafərin-Cəbrayıl, Veysəlli, Malxələf və digər kəndlərində karvansaralar fəaliyyət göstərmişdi.

F.İsmayılov qeyd edib ki, Şuşadan gedən karvan yolunun üstündə Həkəri çayının yaxınlığındakı Malxələf kəndində adamların və heyvanların gecələməsi üçün 3 qəpik pul ödənilirdi. Yayda adamlar açıq səma altında gecələyir, heyvanlar isə otlağa buraxılırdı. Karvan Şuşadan araba ilə gedirdi. Şuşadan gələn karvan Bərgüşad və Həkəri çayının üstündəki təhlükəli körpülərdən keçirdi. Çox zaman bu körpüləri də sel və daşqın aparırdı. Bölgənin dağ kəndlərini bir-biri ilə dar cığırlar birləşdirdiyinə görə cığırlarla əlaqə saxlayırdılar. Bu cığırlar “el yolu”, “kəsmə yol” və ya “kəsə yol” adlanırdı. Laçın rayonunun Qışlaq kəndindən el yolu vasitəsilə Həkəri çayının sol sahili boyunca Sağsağan dağının şərq yamaclarından, Palantökən aşırımından, Koroğlu qayasının ətəyindən, Kirs dağının aşırımından keçərək Şuşaya getmək olurdu. Qışlaq kəndindən başlayan el yolu indiki Laçın rayonunun dağ kəndləri olan Şəlvə, Şamkənd obalarını Xocahan bazarı ilə birləşdirirdi.

Onun sözlərinə görə, Şərqi Zəngəzurun ticarət mərkəzlərindən olan Gorus şəhərinə, həmçinin Göyçəyə, Qarakilsəyə, Naxçıvana gedən dağ yolu da Qışlaqdan keçmişdir. Bu yollarda at və uzunqulaq da hərəkət edə bilirdi. Laçın rayonu ərazisindəki Tığik və Seyidlər kəndlərindən “Sarı baba” adlanan dağ cığırı ilə Şuşaya, Piçənis, Arduşlu, Fərraş, Nurəddin kəndlərindən “Qırxqız” dağının cığırı ilə Kəlbəcər, Şuşa, Xankəndinə, Minkənd kəndindən “İşıqlı” dağ aşırımındakı cığır ilə Göyçəyə, Qarakeçdi (Qarakeşdi) kəndindən Dəlidağa, oradan isə Kəlbəcərin İsti suyuna, Əhmədli kəndindən “Abadxeyir” dərəsindəki cığır ilə Minkəndə, Karyagindən Molla Nəsrəddin yolu” ilə Şuşaya, Qubadlıdan dağ cığırı ilə Qarakilsəyə getmək mümkün idi. Laçın rayonunun Abdallar kəndindən Malıbəy kəndinə və Gorusa qədər araba yolu olmuşdur. Arabalarla Yevlax stansiyasından yüklər məntəqələrə daşınırdı. Laçın rayonunun Sultankənd kəndindən Ağdama qədər faytonla da getmək olurdu. Xalq arasında “poçt yolu” adlandırılan şose yollarının çəkilməsi XIX əsrin sonu- XX əsrin əvvəllərinə təsadüf edirdi. Ayrı-ayrı poçt məntəqələrini bir-biri ilə həmin yollar birləşdirirdi. 1887-ci ildə Cəbrayıl-Ağdam poçt yolu salınmışdı. Şuşa-Gorus şose yolu məhz indiki Laçın şəhərinin yerləşdiyi Abdallar poçt məntəqəsindən keçirdi.

F.İsmayılov vurğulayıb ki, bölgədə elatların istifadə etdiyi köç yolu da olub. Cəbrayıl qəzasında iki köç yolu var idi. Onlardan birincisi Cəbrayıl qəzasında Köndələndərəsi ilə Çələbitdən keçib Kirs dağına çatırdı. Burada maldarların bir hissəsi bütün yayı qalır, digər hissəsi isə Zəngəzur dağlarına qalxırdı. İkinci yol Kürəkçay dərəsindən, Tağı kəndinin yanından keçərək Ziyarət dağına çıxırdı.