“Bu gün də elə qüvvələr var, son hadisələr buna sübutdur...” – KOMİTƏ SƏDRİ

“Suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” anlayışı dövlətçiliyin fəlsəfəsini müəyyən edən mühüm bir mövzudur. İqtisadi azadlıq yalnız bazar münasibətlərinin formalaşması deyil, eyni zamanda suverenliyin funksional ifadəsidir”.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov oktyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfransda çıxışında deyib.


Millət vəkili vurğulayıb ki, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini formal olaraq bərpa etsə də, həmin dövrdə iqtisadi əsaslar kifayət qədər güclü deyildi. Təbii resurslara, xüsusilə zəngin neft yataqlarına malik olsaq da, onların üzərində milli qərarvermə iradəsi formalaşmamışdı.

Sadiq Qurbanov qeyd edib ki, iqtisadi müstəqilliyə qarşı çıxan qüvvələr o dövrdə də mövcud idi, bu gün də var. “Son hadisələr bunun əyani sübutudur”.

Millət vəkili vurğulayıb: “Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkədə xaosdan hüquqa, qeyri-müəyyənlikdən institusional idarəetməyə keçidin əsasını qoydu. Bu, Azərbaycanın real müstəqilliyinin və iqtisadi suverenliyinin təməlini formalaşdırdı.”


Deputat əlavə edib ki, Heydər Əliyev ilk növbədə hüquqi bazanı möhkəmləndirərək 1995-ci ildə Konstitusiyanın qəbuluna nail oldu. Bu sənəd yalnız siyasi sabitlik deyil, eyni zamanda iqtisadi azadlıqların hüquqi çərçivəsini də müəyyən etdi.

“Konstitusiyada aşağıdakı prinsiplər təsbit olundu: mülkiyyətin toxunulmazlığı, sahibkarlıq azadlığı və təbii resursların dövlətə məxsusluğu ilə yanaşı azad bazar mexanizmlərinin tətbiqi”, – deyə Sadiq Qurbanov bildirib.

O qeyd edib ki, ümummilli lider Heydər Əliyev iqtisadi azadlığı ideoloji deyil, milli suverenliyin qorunmasının əsas mexanizmi kimi qəbul edirdi. Onun iqtisadi modelində azadlıq – nizam-intizamla, bazar isə milli maraq və dövlət nəzarəti ilə vəhdətdə idi.

Deputat çıxışında “Əsrin müqaviləsi”nin bu strategiyanın parlaq nümunəsi olduğunu bildirib. Onun sözlərinə görə, bu müqavilə Azərbaycanın enerji potensialını beynəlxalq kapital və texnologiya ilə birləşdirərək ölkəni qlobal enerji xəritəsinə daxil etdi.

Sadiq Qurbanov Heydər Əliyevin sözlərini xatırladaraq deyib:

“Biz bu müqavilə ilə Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq.”

Millət vəkili əlavə edib:

“Əsrin müqaviləsi XXI əsrdə Azərbaycanın inkişafı, firavanlığı və suverenliyinin möhkəmlənməsi üçün əsas platforma oldu.”

O qeyd edib ki, iqtisadi azadlıq Konstitusiyanın canlı prinsipi kimi yalnız hüquqi norma olaraq deyil, həm də iqtisadi sistemin real funksionallığında özünü göstərməlidir. Bu anlayış çərçivəsində sahibkarlığın azad fəaliyyəti, sərmayənin sərbəst hərəkəti və resursların milli maraqlara uyğun idarə olunması əsas götürülür.

Sadiq Qurbanov iqtisadi azadlığın üç strateji funksiyasını da diqqətə çatdırıb:

1. Siyasi müstəqilliyin iqtisadi təminatı;

2. Enerji sektorunda suveren qərarvermə;

3. Ekoloji siyasətdə məsuliyyətli yanaşma.

“Əgər bir dövlətin enerji siyasətini beynəlxalq şirkətlər, ekoloji siyasətini isə donor təşkilatlar müəyyən edirsə, həmin dövlətin iqtisadi suverenliyi real deyil, formal xarakter daşıyır”, – deyə millət vəkili xəbərdarlıq edib.

O bildirib ki, Azərbaycan bu risklərdən uzaq qalaraq iqtisadi azadlığı qanun və institusional qaydalar əsasında həyata keçirə bilmişdir.

Sadiq Qurbanov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi azadlıqlar yeni məzmun kəsb edib. Heydər Əliyevin qoyduğu təməl İlham Əliyev tərəfindən modern idarəetmə və strateji çevikliklə daha da inkişaf etdirilib.

Deputat qeyd edib ki:

“Azərbaycan 2030” strategiyası ilə iqtisadi azadlıqlar yaşıl enerji, innovasiya və davamlı inkişafla uzlaşdırılıb;

Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan kimi layihələr suverenliyi təmin edib; Zəngilan və Kəlbəcərdə yaşıl enerji zonaları iqtisadi azadlığı ekoloji məsuliyyətlə birləşdirib;

Dövlət Neft Fondu isə gəlirlərin nəsillərarası bərabərliyini təmin edir. O deyib ki, yeni iqtisadi modeldə dövlət yalnız nəzarətçi deyil, eyni zamanda tənzimləyici və təşviqedici rol oynayır. Bu yanaşma sərbəst bazardan fərqlənir, çünki burada iqtisadi azadlıq milli maraqlar və strateji məqsədlərlə uzlaşdırılır. Millət vəkili xüsusi olaraq vurğulayıb:

“Azərbaycanın enerji sektoru yalnız ixrac vasitəsi deyil, həm də geo-iqtisadi müstəqilliyimizin əsasını təşkil edir.”

O əlavə edib ki, resursların düzgün istifadəsi, bərpa olunan enerjiyə keçid və enerji səmərəliliyinin artırılması iqtisadi azadlığın etik ölçüsüdür.

“Bu baxımdan ekoloji azadlıq iqtisadi azadlığın davamıdır”, – deyə o qeyd edib. Sadiq Qurbanov çıxışının sonunda bildirib:

“Azərbaycanın suverenliyi yalnız sərhədlərin qorunması ilə deyil, həm də azad iqtisadi mühitin mövcudluğu ilə ölçülür.”

Millət vəkili yekun olaraq deyib:

“Azad sahibkar, azad bazar və azad investor – bunlar müstəqil dövlətin təməl elementləridir. Konstitusiyamız bu azadlıqları qoruyur, ümummilli lider Heydər Əliyev onları qurdu, cənab İlham Əliyev isə qlobal səviyyəyə yüksəltdi. Bizim vəzifəmiz bu azadlıqları qanunlarda deyil, eyni zamanda idarəetmə mədəniyyətində və ekoloji məsuliyyətdə yaşatmaqdır.”

“Çünki suveren dövlət – iqtisadiyyatı azad, azadlığı isə məsuliyyətli olan dövlətdir.”