“2025-ci il İlham Əliyevin dahiyanə siyasi strategiyasının zirvəsidir” - Sadiq Qurbanov

“2025-ci ilin Konstitusiya və Suverenlik İli elan olunması Prezident İlham Əliyevin dövlətçilik tariximizə verdiyi strateji töhfənin göstəricisidir. Bu qərar təkcə bir siyasi jest deyil – Azərbaycanın milli müstəqilliyinin, ərazi bütövlüyünün və hüquqi sisteminin bərqərar olmasında yeni bir mərhələnin başlanğıcıdır".

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin 7–8 avqust tarixlərində ABŞ-yə etdiyi rəsmi səfəri Azərbaycanın beynəlxalq hüquq çərçivəsində suverenliyinin təsdiqi baxımından dönüş nöqtəsi oldu: “Vaşinqtonda əldə edilən razılaşmalar – 907-ci düzəlişin ləğvi, Ermənistanla sülh sazişinə aparan yolun açılması və Trump Route for International Peace and Prosperity dəhlizinin yaradılması Azərbaycanın yalnız regionda deyil, dünyada da suveren aktor kimi qəbul edilməsinin təzahürüdür".

Sadiq Qurbanov çıxışında Qarabağda gedən bərpa proseslərinə də toxunub:“Cənab Prezidentin davamlı olaraq Qarabağa etdiyi səfərlər formal yox, sistemli və məqsədyönlü idarəetmənin nümunəsidir. Şuşada məscidlər bərpa olunur, Xankəndi və Ağdamda məktəblər, sənaye müəssisələri tikilir. Bu, həm tarixə, həm gələcəyə hörmətin nümunəsidir".


Deputat bildirib ki, 16 sentyabrda Şuşada keçirilən görüş – BƏƏ Prezidenti ilə imzalanmış strateji tərəfdaşlıq sənədləri Azərbaycanın diplomatik müstəvidə yeni güc mərhələsinə keçdiyini sübut edir: “Bu artıq regional deyil, qlobal düşünən Azərbaycanın modelidir. Bu strategiyanın arxasında isə Heydər Əliyev ideyalarının İlham Əliyev tərəfindən zamana uyğun şəkildə həyata keçirilməsi dayanır".

Sonda isə Sadiq Qurbanov 2025-ci ili belə yekunlaşdırıb: “Vaşinqtondan Şuşaya, Şuşadan Körfəz regionuna uzanan diplomatik və strateji xətt – Prezident İlham Əliyevin dahiyanə siyasi gedişlərinin və müstəqil dövlətçilik fəlsəfəsinin real təcəssümüdür. Bu yolun adı: Azərbaycanın suverenliyi və konstitusiyasıdır".