Elçin Əhmədov: Ermənistanın təcavüzkar siyasəti 30 ildən çoxdur ki, dünya birliyinin gözü qarşısında baş verir

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllər, xüsusilə məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ciddi narahatlıq doğurur.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.

Professor vurğulayıb ki, Ermənistan rəhbərliyinin əsas məqsədi Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməkdir. Bu baxımdan Ermənistanın baş nazirinin BMT Baş Assambleyasının 73-cü sessiyasında, Paris Sülh Forumunda çıxışı, eyni zamanda, qondarma “DQR”in 30 illiyi ilə əlaqədar tədbirlərin şişirdilərək ictimaiyyətə yanlış formada çatdırılması həmin məqsədə xidmət edir, eləcə də beynəlxalq hüququn norma və prinsipləri ilə tam ziddiyyət təşkil edir. Çünki məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal etmiş, 26 il əvvəl Xocalı soyqırımını törətmiş və tarixən Dağlıq Qarabağda yaşayan azərbaycanlılar öz doğma yurdlarından məcburən köçkün düşmüşdür.

Bununla yanaşı, son vaxtlarda, xüsusilə Ermənistanın baş nazirinin 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistandır, vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” ifadəsini deməsi Ermənistanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmamasının bariz nümunəsidir. İndiyə qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya siyasətini öz üzərindən ataraq bunu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmək formasında pərdələməyə çalışırdı. Yəni Ermənistanın baş naziri bir tərəfdən əsassız olaraq “Qarabağ xalqı” adından danışıqlar aparmaq səlahiyyətinin olmadığını deyir, digər tərəfdən isə Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu iddia edir.

Qeyd etmək vacibdir ki, uzun müddət Ermənistan xalqların öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışırdı. Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini – Ermənistan Respublikasını yaradıblar. Dağlıq Qarabağ bölgəsinin erməniləri isə müstəqil Azərbaycan dövlətində yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüququn normalarına görə, milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Bu baxımdan ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.

Bundan bir qədər əvvəl isə Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və müdafiə nazirinin “Azərbaycana bir qarış da torpaq qaytarmamaq”, “yeni ərazilər üçün yeni müharibə” kimi məsuliyyətsiz çıxışları regionda Ermənistanın sülh istəməməsinin daha bir nümunəsidir. Ermənistanın baş naziri və digər yüksəkvəzifəli şəxslərinin mütəmadi olaraq bu kimi açıqlamaları Ermənistanın dövlət səviyyəsində işğalçılıq siyasəti yürütməsinin və buna görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşımasının sübutudur, eləcə də erməni “siyasətçiləri”nin son çıxışları açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı imitasiyadan başqa bir şey deyildir.

Qeyd etmək vacibdir ki, sovet dövründə erməni millətçilərinin düşmənçilik hisslərini qızışdırmaq cəhdlərinə baxmayaraq, Azərbaycan hökuməti Dağlıq Qarabağ bölgəsinin sosial-iqtisadi və mədəni inkişafına daim xüsusi diqqət və qayğı göstərib. Eyni zamanda, sovet dövründə DQMV özünü idarəetmənin bütün əsas elementlərinə malik olaraq Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936-cı və 1977-ci illər SSRİ konstitusiyalarında təsbit edilmişdi. SSRİ və Azərbaycan SSR konstitusiyalarına əsasən, DQMV-nin hüquqi statusu DQMV Xalq Deputatları Soveti tərəfindən Azərbaycan SSR Ali Sovetinə təqdim olunmuşdu və 1981-ci il iyunun 16-da qəbul edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanunla tənzimlənirdi.

Yəni sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, 1988-ci ildə Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 60 minə yaxın azərbaycanlını təcavüzə və soyqırımına məruz qoyub məcburən köçkün salmış, eləcə də Ermənistandan 200 mindən çox azərbaycanlını tarixən yaşadığı torpaqlardan deportasiya etmişdir. Məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal etmiş, etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişdir.

Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR ilə birləşdirilməsi haqqında Konstitusiyaya zidd olan qərar qəbul edib. Lakin bu azmış kimi heç bir beynəlxalq hüquq normalarına əməl etməyən Ermənistan SSR Ali Soveti 1990-cı il yanvarın 9-da özünün növbədənkənar iclasında “DQMV-nin 1990-cı il üçün sosial-iqtisadi inkişaf planının Ermənistan SSR-in 1990-cı il üçün sosial-iqtisadi inkişafı haqqında dövlət planına daxil edilməsi” barədə Azərbaycana qarşı daha bir qeyri-qanuni qərar qəbul edib. Bir sözlə, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən çıxması və Ermənistan SSR tərkibinə daxil edilməsi haqqında qərarları beynəlxalq hüquqa zidd və SSRİ Konstitusiyası əleyhinə olan qərar idi. Respublikaların sərhədlərinin dəyişdirilməsi cəhdləri Konstitusiyaya zidd olduğundan buna heç cür haqq qazandırıla bilməzdi və bu, Azərbaycan SSR-in dövlət suverenliyinin pozulması demək idi.

Ancaq Ermənistan SSR-in qəbul etdiyi bu qərarlar Azərbaycan SSR-in suveren hüquqlarının pozulması ilə yanaşı, SSRİ Konstitusiyasının 74-cü maddəsinə əsasən heç bir hüquqi qüvvəyə malik deyildi. SSRİ Konstitusiyasından əlavə, respublikaların sərhədlərinin dəyişdirilməsi məsələsinin qoyuluşunun özü tamamilə qanunazidd idi, çünki Azərbaycan 1922-ci ildə bağlanmış İttifaq müqaviləsinə görə də SSRİ-nin tərkibinə mövcud ərazisi və sərhədləri ilə daxil olmuşdu. DQMV-nin Azərbaycan SSR daxilində hüquqi statusu SSRİ Konstitusiyasının 86-cı maddəsinin, Azərbaycan SSR Konstitusiyasının 83-84-cü maddələrinin və DQMV haqqında 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş Qanunun əsasında müəyyən edilmişdi. Bu qanun DQMV orqanlarının təşkilini və fəaliyyətini, onların səlahiyyətlərini, respublika və ittifaq orqanları ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirirdi.

Azərbaycan SSR Konstitusiyasının 138-ci maddəsinə və DQMV haqqında Qanunun 41-ci maddəsinə görə, DQMV-nin Xalq Deputatları Soveti yerli hakimiyyət orqanı hesab olunur və öz ərazisində sosial-iqtisadi və təsərrüfat quruculuğuna rəhbərlik edə bilər, büdcəni və vilayətin xalq təsərrüfat planını təsdiq edə, dövlət qayda-qanununu və vətəndaşların hüquqlarının qorunmasını, qanunlara əməl edilməsini təmin edə bilərdi. Bundan başqa, SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq, Xalq Deputatları Soveti öz sessiyalarında respublikada ərazi dəyişiklikləri məsələsinə baxmaq hüququna malik deyildi. Həmçinin milli-ərazi dəyişikliyi məsələsi müttəfiq respublikanın suveren hüququ sayılırdı. SSRİ Konstitusiyasının 78-ci maddəsində isə deyilirdi ki, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz və müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı razılığı əsasında dəyişdirilə bilər ki, bu da SSRİ tərəfindən təsdiq olunmalıdır. Ümumiyyətlə, SSRİ Konstitusiyasının 81-ci maddəsinə görə, SSRİ yaradılarkən dövlətin tərkibinə daxil olan müttəfiq respublikaların suveren hüquqlarını müdafiə etmək təhəddüdünü SSRİ öz üzərinə götürmüşdü

Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir.

Beynəlxalq birlik Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır. Eyni zamanda, münaqişənin sülh yolu ilə həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələr əsasında təcavüzkar sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə Ermənistana sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir.

Bununla yanaşı, münaqişənin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfsiz vasitəçiliyinə və ayrı-seçkiliyə əsaslanan siyasətə son qoymalı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış, öz doğma yurdlarından məcburən köçkün düşmüş 80 mindən çox azərbaycanlının hüquqlarının bərpa olunmasına çalışmalıdırlar. Halbuki ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq ictimaiyyət tərəfindən verilən mandat əsasında vasitəçilərdir. Beynəlxalq məhkəmə səlahiyyətində olmasa da, ATƏT-in Minsk qrupunun regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır. Bununla yanaşı, Minsk qrupunun həmsədri olan dövlətlər (ABŞ, Fransa və Rusiya), eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi dünyada sülhün bərqərar olması üçün xüsusi səlahiyyətə malikdirlər.

Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe isə birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Dağlıq Qarabağ tarixən Azərbaycanın əzəli və əbədi torpağı, ayrılmaz hissəsi olmuşdur. Bu səbəbdən Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin qorunması və bərpa edilməsi, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtması üçün bütün mümkün vasitələrdən istifadə etmək hüququna malikdir.

Münaqişə həll olunmadan, yəni Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı İlham Əliyev ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək. Azərbaycan dövləti dünya birliyini Ermənistanın Azərbaycana təcavüzünün regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək təsirli tədbirlər görməyə və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır.

Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almalı, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq güclərin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri nəticəsiz qalacaq, digər bölgələrdə də bir president halını alacaq və ərazi-etnik münaqişələrin miqyası daha da genişlənəcək.