Şamaxı Astofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan verilən xəbərə görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diskində hələlik nömrələnməyən az fəal oblast meydana gəlməkdədir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər tac kütlə atılması müşahidə olunmayıb.

Hesabat dövründə Günəş küləyi üçün sakit şərait hökm sürüb. Yanvarın 8-nə olan məlumata əsasən, ümumi maqnit sahəsində güclənmə müşahidə olunub, Günəş küləyinin sürəti 400 km/san-dən bir qədər çox olub.

 
Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).

Yanvarın 9-11-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Yanvarın 9-da mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti hesabına Günəş küləyi parametrlərinin nisbətən artması proqnozlaşdırılır. Növbəti günlər (10, 11 yanvar)  isə daha sakit şəraitin meydana gələcəyi gözlənilir.

Proqnoz dövründə (09 - 11 yanvar) geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam etsə də, fasilələrlə az fəal şərait meydana gələ bilər. Maqnit qasırğasının yaranması ehtimalı 09 yanvar tarixində 5%-dən, 10 və 11 yanvar tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.