Həsən Ruhani: İranlılar koronovirusla birlikdə yaşamağı öyrənməlidirlər

İranda koronavirusa yoluxanların sayında artıq 3-cü gündür ki, artım müşahidə edilir. Son 24 saat ərzində İranda 3 min 574 nəfər koronavirusa yoluxub, 59 nəfər isə həyatını itirib.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə, bu günə kimi İranda 164 min 270 nəfər virusa yoluxub, 8 min 71 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 125 min 485 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 569 nəfərin vəziyyəti ağır olaraq qalır.

İran Prezidenti Həsən Ruhani televiziya ilə çıxışı zamanı bəyan edib ki, iranlılar koronovirusla birlikdə yaşamağı öyrənməlidirlər. Onun sözlərinə görə, gigiyena tədbirləri daim diqqətdə saxlanılmalı və kütləvi tədbirlərdə iştirak edən adamların sayı azaldılmalıdır. Prezident nəzərə çatdırıb ki, virusun yayılmasının nə vaxta kimi davam edəcəyi heç kimə bəlli deyil. Odur ki, bu təhlükə ilə birlikdə həyatı davam etdirmək lazımdır.//Azərtac