24 il əvvəlki iyunda qeydə alınan yüksək temperatur bu il təkrarlana bilər - Baş hidroloq

Bu gün də daxil olmaqla, son günlər ərzində Bakıda və Abşeron yarımadasında müşahidə edilən temperatur iqlim normasından 4-5 dərəcə yüksək olub.

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Xidmətinin baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, son günlərdə Bakıda və Abşeron yarımadasında temperaturun yüksəlməsi müşahidə edilir. Dünən Bakıda 35-37 dərəcə isti müşahidə edilib ki, bu da iqlim normasından 4-5 dərəcə çox olub.

A.Verdiyev qeyd edib ki, iyunun 13 və 14-də temperaturun bir qədər də yüksələcəyi gözlənilir. Həmin günlərdə Bakıda Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40 dərəcəyədək, Mərkəzi Aran rayonlarında 42 dərəcəyədək yüksəlməsi gözlənilir.

Nazirlik rəsmisi bildirib ki, son 25-27 il ərzində iyunda ən yüksək temperatur 40 dərəcə olmaqla, 1996-cı il iyunun 17-də müşahidə edilib:

 
“Əgər iyunun 13-14-də Bakıda 40 dərəcə isti müşahidə edilərsə, onda bu il iyun ayında 1996-cı ildəki yüksək temperatur təkrar qeydə alınacaq” .

Baş hidroloq son 25-27 ildə ən isti iyun ayının 2019-cu ildə qeydə alındığını söyləyib:

“Lakin ötən il iyunun isti keçməsi yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edilib. Bu il iyun ayı hələlik isti keçir. Qeydə alınan temperatur uyun ayı üçün xarakterik deyil, amma indiyədək iyun ayı üçün anomal temperatur müşahidə edilməyib".//Trend