"Stronsİum qızıl alovlar metalıdır"

Bu ifadə görkəmli rus alimi, geokimya elminin banilərindən biri olan akademik A.Y.Fersmana məxsusdur. Stronsium elementinin obrazlı surətdə “qızıl alovlar metalı” adlandırılmasının səbəbi budur ki, bu kimyəvi element işıqlandırıcı və xəbərdaredici fişənglərin, güllələrin və mərmilərin tərkibinə daxildir.
Stronsiumun pirotexniki xüsusiyyətlərindən hələ gədim Hindistanda istifadə olunurdu. Belə ki, müqəddəs mərasimlərdə kahinlər parlaq “benqaliya alovları” yandırırdılar. Rusiyada I Pyotr və II Yekaterina dövründə bayram axşamları bəzən qiymətli qırmızı rəngli alovlar şölələnirdi. Çox az adama məlumdur ki, bu alovlar stronsium və barium metallarının duzlarından alınır.
Stronsium elementinin kəşf olunma tarixi belədir. 1790-cı ildə ingilis alimi A.Kroford Qərbi Şotlandiyada Stronsian deyilən yerin yaxınlığında tapılmış və stronsianit adlandırılmış yeni mineralı öyrənərkən onun tərkibində o vaxt üçün naməlum bir metal oksidinin iştirakını mülahizə etmişdir. Bundan iki il sonra kimyaçı T.Xop müəyyən etdi ki, stronsianitdə əsas komponent bu mineralın adı ilə adlandırılan stronsium kimyəvi elementidir. Maraqlıdır ki, elə həmin il ingilis alimlərindən xəbərsiz olaraq rus alimi T.Y.Lovits də bu elementi kəşf etmişdir. Metallik stronsium amalqama şəklində 1808-ci ildə Devi tərəfindən alınmışdır.
Uzun müddət stronsium elementinin geniş tətbiq sahəsi olmamışdır. XIX əsrin əvvələrində isə stronsiumun hidrat oksidi şəkər çuğunduru istehsalı tullantılarından (melassa) şəkəri çıxarmaq məqsədilə istifadə edilmiş, lakin baha olduğuna görə tezliklə daha ucuz olan kalsium və barium birləşmələri tərəfindən sıxışdırılıb aradan çıxarılmışdır.
Hal-hazırda stronsium qiymətli bir element kimi senayenin müxtəlif sahələrində tətbiq edilir. Belə ki, stronsium duzlarının tətbiqi texniki şüşələrin termik və kimyəvi davamlılığını artırmaqla bərabər şüşə kütləsinin kristallaşmaya meylini azaldır. Stronsium titanatın sintez edilmiş kristalları tillərinin parıltısına və bərq vurmasına görə hec də brilyantdan geri galmır. Hidrotexniki qurğuların tikintisində (portland sementi rütubətə qarşı çox davamlı etmək üçün), radiotexnika və elektronikada da bu elementin birləşmələrinin tətbiqi öz böyük səmərəsini verir.
Təbii stronsium kütlə ədədləri 84,86,87 və 88 olan dörd sabit izotopun qarışıqından ibarətdir. Bundan əlavə nüvə reaksiyaları zamanı bu elementin on dörd süni qeyri-dayanıqlı izotopu alınmışdır. Bu sonuncuların içərisində yarımparçalanma dövrü 27,7 il olan stronsium-90 radioaktiv izotopu mühüm yer tutur. Bir sıra faciəvi hadisələr bu izotopu geniş tanıtdırmışdır. 1954-cü ilin mart ayında Sakit okeanın Bikini mərcan adasında amerikan hidrogen bombası sınaqdan keçirilmişdir. Partlayışdan bir neçə saat sonra həmin adadan 150 km-dən artıq bir məsafədə açıq dənizdə üzən Yaponiyanın “Fukuryu-Maru” adlı balıqçı gəmisinin göyərtisinə çirkin-ağ rəngdə öldürücü radioaktiv qar yağmağa başladı. Balıqçılar tezliklə Yaponiyaya qayıtdılar. Lakin artıq gec idi – heyətdən bir nəfər ölmüş, qalanları isə ağırlaşdırıcı formada şüa xəstəliyinə məruz qalmışlar. Bu faciə bütün dünyanın diqqətini cəlb etdi. Bəşəriyətin başı üzərini ciddi təhlükə – nüvə partlayışları zamanı uranın parçalanma məhsulları ilə atmosferin zəhərlənməsi təhlükəsi – almışdır. Bu məhsullar içərisində stronsium-90 xüsusilə təhlükəlidir. Hal-hazırda stronsium-90 izotopunun dinc quruculuq işlərində istifadə edilmə sahələri müəyyən edilmişdir. Kiçik atom batareyalarının, radioaktiv termotənzimləyicilərin, ionizatorların və s. hazirlanmasinda ondan istifadə olunur.
Stronsium nadir qələvi-torpaq elementlərə aiddir. Təbiətdə onun təxminən 30 mineralı müəyyən edilmişdir. Bu minerallar içərisində az-çox geniş yayılanı selestin (stronsiumsulfat) və stronsianitdir (stronsium karbonat), qalanları nadir hallarda rast gəlir. Hazırda stronsium ele­menti əsasən selestin filizlərindən əldə olunur.
Selestin mineralı sənayenin müxtəlif sahələrində tətbiq olunan stronsium duzları üçün əsas xammal rolunu oynayır. Mineralın adı latınca selum – səma sözündən götürülmüşdür. Çünki bu mineralın tapılmış ilkin nümunələri zərif mavi çalarlı idi. Selestin mineralı Rusiyanın Arxangelsk və Çkalov vilayətlərində, Başqırdıstanda, Türkmənistan Respublikasında və s. yerlərdə çoxlu miqdarda rast gəlir. Xaricdə selestinin ən mühüm yataqları İngiltərədə (Yeyl), Almaniyada (Vestfaliya və Valdek) və ABŞ-dədir (Kaliforniyada Ladlou, Barstou və başqa yataqlar).
A.Y.Fersman özünün “Əyləncəli geokimya” kitabında 1938-ci ildə Şimali Qafqazda dincələrkən selestin mineralını tapmasının gözəl tarixçəsini vermişdir. O, yazırdı: “... Dolomit süxurunda sındırılmış kiçik jelvaklardan birində maviyə çalan kiçik kristal gördüm: oho, bu, həqiqi selestin idi! Seylon adasından olan parlaq sapfir, günəşdə yanmış peyğəmbərçiçəyinə bənzər qəribə şəffaf mavi iynəcik...”
Respublikamızın ərazisində stronsium yatağı hələlik tapılmamışdır. Buna baxmayaraq bir sıra karbonat süxurlarında bu elementin miqdarı xeyli yüksəkdir. Dolomit süxurunun hər tonunda stronsiumun miqdarı bir neçə kiloqram olduğuna görə Naxçıvan MR-in Nehrəm kəndi yaxınlığında yerləşən böyük ehtiyata malik dolomit yatağı diqqəti cəlb edir.

Novruz Novruzov, AMEA Geologiya və Geofizika İnstitutu, şöbə rəhbəri, geol.-min.elmləri doktoru, professor