Dil baryeri, maddi hissədən bixəbərlik: Paşinyanın EMK üzrə sabiq həmkarı onun BBC-yə müsahibəsini tənqid edir

Avqustun 15-də “Sputnik Armeniya” portalında “Dil baryeri, maddi hissədən bixəbərlik: Paşinyanın EMK üzrə sabiq həmkarı onun BBC-yə müsahibəsini tənqid edir” sərlövhəli məqalə dərc edilib. Yerveinsan.az AZƏRTAC-a istinadla bu materialı təqdim edir.

 

X X X

 

“Erməni milli konqresinin üzvü Levon Zurabyan Ermənistanın baş naziri Nikol Paşinyanın BBC telekanalının “Hard Talk” verilişində müsahibəsini kəskin tənqid edib.

Zurabyan və Paşinyan vaxtilə “barrikada”ların eyni tərəfində dayanırdı, 2008-ci ildə Ermənistanda prezident seçkiləri zamanı hər ikisi birinci prezident Levon Ter-Petrosyanın komandasında idi, sonra parlamentdə EMK fraksiyasının tərkibində birlikdə idilər, daha sonra onların yolları ayrıldı.

Siyasətçi özünün “Facebook” səhifəsində yazır ki, Paşinyanın müsahibəsini uğursuz hesab edir, bu müsahibə ona çox pis təsir bağışlayıb. Bunun bir neçə səbəbi var: Paşinyanın ingilis dilini kafi səviyyədə bilməməsi, cavabların məzmunu, baş nazirin əvvəlki addımlarına görə indi bəraət qazanmaq cəhdləri, Qarabağ məsələsinin mahiyyətini bilməməsi, münaqişənin həlli haqqında özünün təsəvvürünün olmaması.

EMK nümayəndəsi qeyd edir ki, istər Paşinyan, istərsə də bir neçə ay bundan əvvəl həmin proqramın qonağı olmuş Ermənistan xarici işlər nazirliyinin başçısı münaqişənin mahiyyətini düzgün şərh edə bilməyiblər. Bu münaqişə Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi deyil, Dağlıq Qarabağın xalqının öz müqəddəratını təyin etmək uğrunda mübarizədir, Azərbaycan bu mübarizəyə cavab olaraq müharibəyə başlayıb.

“Çox təəccüblüdür, amma hər iki müsahibədə (Mnatsakanyanın və Paşinyanın müsahibələrində – redaksiya) “öz müqəddəratını təyin etmə” sözü səslənmədi. Bu, beynəlxalq hüququn əsas prinsiplərindən birini və Ermənistanın rəsmi siyasətinin əsasını təşkil edir. Bunun əvəzinə müsahibədə minillik tarix haqqında söhbət getdi, halbuki həmin tarixə istinadlar bu gün müasir diplomatiyada rədd edilir və onların təşəbbüskarı təcavüzkar vəziyyətinə düşür”.

Zurabyan hesab edir ki, baş nazir Rusiya ilə NATO arasında seçim haqqında suala da savadlı cavab verə bilməyib. Siyasətçi deyir ki, əslində heç bir seçim mövcud deyil. Rusiya ilə hərbi ittifaqın alternativi yoxdur, çünki təhlükəsizliyin kollektiv sistemi kimi NATO Cənubi Qafqaz ölkələri üçün (hətta bu təşkilata düşməyə can atan Gürcüstan üçün də) əlçatmazdır.

Zurabyan yazır: “Mən hələ onu demirəm ki, NATO-nun itaətsiz və daha aqressiv üzvü olan Türkiyə Ermənistan üçün ekzistensional təhdid mənbəyinə çevrilib”.

O hesab edir ki, Ermənistanın imici baxımından, bu müsahibələr olmasaydı, daha yaxşı olardı”.