İDMAN KOMPLEKSLƏRİ VƏ MUZEYLƏRİN TURİZM İNFRASTRUKTURUNDA YERİ

Mədəniyyət məqsədli turizmin mahiyyətindən bəhs edərkən göz önünə ilk növbədə mədəni cəlbediciliklər gəlir. Bu mənada ki, mədəni cazibələr müxtəlif sahələrdən ibarətdir və özündə muzeylər, sərgilər, əl işləri və s. bu kimi cəlbedici-likləri ehtiva edir. İnkişaf etmiş ölkələrdə mədəni cazibələr sırasına incəsənət muzeyləri, teatr salonları, milli yaxud simfonik orkestrlər, müxtəlif incəsənət və musiqi fəaliyyətləri aiddir. Adətən mədəni turizmə qatılan şəxs məşhur muzeyləri görmək üçün müəyyən bir məkana gedir (8, s.56). Lakin mədəni turizm sadəcə keçmiş mədəni təzahür nümunələrindən istifadə etmək deyildir, burada daha çox müxtəlif müasir cəmiyyətlərin mədəniyyəti və həyat tərzi diqqət mərkəzində olur. Bütün bunları nəzərə alaraq demək olar ki, mədəni turizm həm irs turizmini (tarixi incəsənət və mədəni əsərlər) həm də incəsənət turizmini (müasir mədəni əsərlər və məhsullar) özündə birləşdirir.
Mədəni turizmdə tarixi və mədəni abidələr qədər müəyyən məkanda yaşayan insanların həyat tərzi də əhəmiyyət kəsb edir. H.Zipel və S.Holl irs turizmi və incəsənət turizmini mədəni turizmin iki alt növü kimi izah edirlər. Belə hesab edilir ki, incəsənət turizmi müəyyən bir məkana və hal-hazırkı zamana aid bir fenomendir və təbii olaraq irs turizminə nisbətən daha çox empirik və əməlidir (8, s.35). Əlbəttə, bəzi cəhətlərinə görə bu iki turizm növü bir-biri ilə elə yaxın və oxşardır ki, onları fərqləndirmək xeyli çətinlik törədir.
Mədəni turizmə dair verilən əvvəlki izah və təriflərdə daha çox incəsənətə əhəmiyyət verilirdi və müxtəlif teatrlar, muzeylər və tarixi abidələrlə keçirilən tanışlıq diqqət mərkəzində saxlanırdı. 1991-ci ildən etibarən Avropanın qısa şəkildə “ATLAS” adlanan tanınmış “Asudə vaxt və turizm üzrə tədqiqat mərkəzi” mədəni turizmlə əlaqədar bir çox tədqiqatlar həyata keçirmişdir. Bu mərkəz mədəni turizmə iki cür – texniki və konseptual yanaşma nümayiş etdirir və ona “insanların daimi və adi yaşayış məkanından xaricdə yerləşən muzeyləri, mədəni abidələri, tamaşaları, festivalları və incəsənət sərgilərini görmək məqsədi ilə öz yaşayış yerini tərk etməsi” (4) kimi tərif verir.
Mədəni turizm – turizmin elə bir növüdür ki, burada turist bir regionun yaxud məkanın bütün mədəni xüsusiyyətləri ilə (maddi və qeyri-maddi) maraqlanır və mədəni cazibələri görmək onun əsas məqsədini təşkil edir. Turizmin bu növündə turist əsasən adət-ənənə, rituallar, xalq tamaşaları, xalq musiqisi, yerli dil, mərasimlər, mətbəx və oyunlarla tanış olmaq, onları yaxından görmək istəyir, mədəni abidələri, tarixi binalar və məkanları gəzir (6, s.112).
Turizmə olan еhtiyacların ödənilməsində rolu olan amilləri aşağıdakı qruplara bölmək olar: dərkеtmə, rеgional, iqtisadi və psiхoloji. Bu qruplardan hər biri özündə müхtəlif amil yarımqruplarını, daha dəqiq dеsək, motivlərin müхtəlif növlərini birləşdirir. Dərkеtmə qrupu – insanın tariх, mədəniyyət, təsərrüfat, tə-bii-iqlim amillərinə olan marağıdır. Ölkənin bütün mədəni irsi, tariхi və arхеoloji abidələri tariхi cəhətdən maraq doğuran amillərdir. Mədəni motivlər – insanın öz ölkəsinin müхtəlif abidələr, muzеylər, rəsm qalеrеyaları, tеatrlar və s. obyеktləri əhatə еdən mədəni irsini öyrənmək arzusudur. Adət-ənənələr, gеyim, mətbəх və хalq yaradıcılığının digər təzahürləri, еtnoqrafiya baхımından diqqətəlayiq irs kimi böyük maraq doğurur. Rеgional amillər qrupuna hər hansı bir rеgiona turistləri cəlb еdən səbəb, bu rеgionla bağlı hadisələrin dolğunluğu da ola bilər. Məsələn, tеatr, musiqi və kino fеstivalları, müхtəlif növ idman yarışları (olimpiadalar, spartakiadalar və s.) yarmarkalar, karnavallar, sərgilər və s. Psiхoloji amillərə turistlərdə səyahət еtməyə həvəs yaradan və onların psiхoloji tələbatına cavab vеrən motivlər daхildir. Bura, insanın dini baхışları, onun хüsusi maraqları və mеylləri, rеklama münasibəti (2, s.16) və s. aid еdilir.
Qeyd edək ki, turizmin inkişafı baxımından dünya təcrübəsində idman muzeylərinin də mühüm yeri vardır. Bu muzeylər geniş yayılmışdır və bu sahədə uğurlu nəticələr əldə edilmişdir. Deməli, həm mədəniyyətin, həm idmanın inkişaf etdiyi bir ölkədə idman muzeyinin olması da vacibdir. İldən-ilə beynəlxalq yarışlara daha çox ev sahibliyi edən Azərbaycan dünya idmançılarının da sevimli ölkəsinə çevrilmişdir. Azərbaycanda müxtəlif idman növləri üzrə Avropa, dünya, eyni zamanda olimpiya idman növünə seçim xarakterli beynəlxalq yarışlar təşkil edilir. 2015-ci ildə keçirilən İlk Avropa oyunlarının məhz burada keçirilməsi Azərbaycanın idman sahəsindəki uğurlarından xəbər verir. 2016-cı il iyun ayında keçirilmiş dünyaca məşhur Formula 1 yarışması, 2017-ci ildə keçirilmiş İslam oyunlarına ev sahibliyi və bu oyunlarda iştirak edəcək çoxsaylı idmançılarımızın qazandıqları uğurlar Azərbaycanın idman ölkəsi olmasına bir sübutdur. Azərbaycanın idman sahəsində qazandığı bu uğurlar ölkədə idman muzeyinin yaranma zərurətini də meydana çıxarmışdır. Təsadüfi deyildir ki, Azərbaycanın idman tarixinin və olimpiya hərəkatında əldə etdiyi uğurların mədəni sərvət kimi öyrənilməsi və təbliğinin daha da gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyi yaradılması” haqqında sərəncam imzalamışdır (1).
Ölkədə turizmin inkişafına təkan verən mühüm amillərdən biri kimi turistlərin asudə vaxtlarının səmərəli təşkili məsələsi çıxış edir. Son illərdə ölkəmizdə idman qurğularının, muzeylərin, sərgi salonlarının təmiri və tikintisi üçün xeyli vəsait xərclənmişdir. Ölkədə çoxlu sayda olimpiya mərkəzi inşa edilmişdir. Olimpiya hərəkatı dedikdə, təkcə idman yarışları və idmançılar təsəvvür olunmur. Bu, böyük bir sosial sahəni əhatə edən siyasətdir. Olimpiya hərəkatı idman yarışlarının keçirilməsi ilə bərabər, həm də idmanın təbliğini, tədrisini, idmanın həyatımızın başqa sahələri ilə əlaqəsini əhatə edən hərəkatdır (7). Bakı şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində çıxış edən ümummilli lider Heydər Əliyev deyirdi ki: “Bu kompleks Azərbaycan Milli Olimpiya Komitəsinin bizim idmançılara yeni bir hədiyyəsidir. Milli Olimpiya Hərəkatının və Milli Olimpiya Komitəsinin yaranması Azərbaycanın dövlət müstəqilliyinin, xalqımızın milli azadlığının bəhrəsidir, onun nəticəsidir” (5).
Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycanın idman tarixinin və Olimpiya hərəkatında əldə etdiyi uğurların mədəni sərvət kimi öyrənilməsi və təbliğinin daha da gücləndirilməsi məqsədilə imzaladığı Sərəncamı təkcə idman ictimaiyyəti deyil, bütün Azərbaycan xalqı böyük rəğbətlə qarşılamışdır (7). Bu sərəncam təsdiq edir ki, Azərbaycanda idmanı və Olimpiya hərəkatını inkişaf etdirmək, kütləviləşdirmək üçün bu sahənin təbliğinə və tədqiqinə xüsusi diqqət yetirilir. Bütün bunlar Azərbaycanda Olimpiya hərəkatı və İdman muzeyinin yaradılmasına həqiqətən böyük ehtiyac olduğunu göstərir. Sərəncamda Azərbaycanda idmanın və Olimpiya hərəkatının rolunu əks etdirən bir çox məqamlar önə çəkilmiş, ölkədə idmanın qədim tarixə malik olduğu xüsusi vurğulanmış, muzeyin gələcək fəaliyyətinin mühüm istiqamətləri müəyyənləşdirilmişdir. Əlbəttə, Olimpiya hərəkatı və İdman muzeyinin yaradılması kimi bir məsələ şəxsən cənab Prezidentin nəzarəti altındadırsa, bu məsələ dövlət marağı kimi formalaşırsa, bu muzey dünyada ən müasir və ən nüfuzlu bir mərkəz olaraq fəaliyyət göstərəcəkdir. Mübaliğəsiz demək olar ki, Olimpiya hərəkatı və İdman muzeyi böyük əhəmiyyət kəsb edəcək, həm dünya, həm də Azərbaycan idmanının bir növ aynası olacaqdır.
Müstəqillik illərində Bakıdakı mühüm muzeylər, bir neçə sərgi salonu əsaslı təmir edilmiş və ya yeniləri tikilmişdir. Bununla yanaşı, təbii ki, mövcud olan muzey şəbəkəsinin ziyarətçi qəbulu sahəsində problemləri də vardır. Muzeylərin marketinq işi, demək olar ki, zəifdir. Olimpiya mərkəzlərinin menec­menti sahəsində təkmilləşməyə ehtiyac vardır (3, s.41). Digər tərəfdən olimpiya hərəkatı insan həyatının geniş sahələrini əhatə etdiyi üçün yaradılacaq muzey adi muzeylərdən xeyli fərqlənəcək. Əgər İncəsənət muzeyində yalnız incəsənət əsərləri, Tarix muzeyində ölkənin tarixi ilə bağlı sənədlər, Xalça muzeyində xalçaçılığın inkişafı ilə bağlı eksponatlar olursa, Olimpiya hərəkatı və İdman muzeyində bunların, demək olar ki, hamısı cəmləşəcəkdir. İdmanla bağlı incəsənət əsərləri varsa, onlar bu muzeydə olacaq, idmanla bağlı xalçalar varsa, onlar bu muzeydə olacaq, idmanla bağlı dahi şəxslərin fəaliyyətlərini əks etdirən eksponatlar da bu muzeydə olacaqdır. Ona görə də Olimpiya hərəkatı və İdman muzeyi təkcə idmansevərlərin deyil, bütün təbəqələrdən olan insanların diqqətini cəlb edəcək. Bu muzeydə idman tarixinə xüsusi yer ayırmaqla istər-istəməz Azərbaycan tarixinin müəyyən məqamlarına toxunulacaqdır. Buraya insanlar eksponatlarla tanış olmaqla yanaşı, həm də sadəcə olaraq istirahət etməyə gələcəklər. İnsanların muzeydə məlumat alması və istirahəti üçün lazımi şərait yaradılacaqdır. Yeni muzeyin təkcə idmanın və Olimpiya hərəkatının deyil, ümumiyyətlə, insanların mədəni səviyyəsinin inkişafına da böyük təsiri olacaq. Muzeydə həm ölkədə idmanın və Olimpiya hərəkatının tarixi, həm də idmanla bağlı olan sahələr – idman və incəsənət, idman və ətraf mühit, idman və sağlamlıq, idman və gənclərin asudə vaxtı və digər sosial problemlərlə əlaqəli məsələlər öz əksini tapacaqdır (7).
Bundan başqa, muzey idman nailiyyətlərimizi əks etdirən məbəd olmaqla yanaşı, həm də tədris mərkəzi kimi də fəaliyyət göstərəcəkdir. Burada xüsusi kitabxana, tədris otaqları, idmanla bağlı böyük tədbirlərin keçirilməsi üçün müvafiq zalların yaradılması nəzərdə tutulur. Eyni zamanda muzeydə idmanla bağlı müxtəlif filmlərin və videomaterialların nümayişi təşkil olunacaqdır. Dünyanın aparıcı idman dövlətlərindən biri olan Azərbaycanda belə muzeyin yaradılması təkcə ölkə idmanına yox, həm də dünya idmanına töhfədir( 7). Bu mənada muzeyin yaradılmasını Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafının beynəlxalq səviyyədə təqdimatı və idman sahəsində əməkdaşlığın yeni forması kimi də dəyərləndirmək olar.
Məlumdur ki, bütün muzeylər öz aralarında mübadilə aparır. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu qənaətdədir ki, “Biz də yeni muzeyin beynəlxalq əlaqələrini yüksək səviyyədə qurmağa çalışacaq, dünyada mövcud olan bütün idman muzeyləri, ilk növbədə isə Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı Olimpiya muzeyi ilə əlaqələr yaradacaq, onlarla sıx əməkdaşlıq edəcəyik. Azərbaycan idmanı və Olimpiya hərəkatı ilə bağlı təbliğat xarakterli materiallar hazırlayıb dünyanın olimpiya və idman muzeylərinə göndərəcəyik. Eyni zamanda həmin muzeylərdəki zəruri materiallar Azərbaycan dilinə tərcümə edilərək nümayiş etdiriləcəkdir. Bu sahədə həm də müasir təbliğat və əməkdaşlıq vasitəsi kimi internetdən də istifadə olunacaq. Muzeydə xüsusi informasiya mərkəzi fəaliyyət göstərəcəkdir. Beləliklə, Azərbaycan Olimpiya hərəkatı və İdman muzeyi dünya idman tarixini əks etdirən mərkəzlərdən biri kimi formalaşacaq” (7).
Mütəxəssislərin fikrincə müxtəlif idman növləri üzrə federasiyalar və idman qurumları da öz tədbirlərini bu muzeydə keçirə biləcəklər. Belə bir fakt hamıya məlumdur ki, dünyada ən populyar olan futbol yarışlarının, Avropa kubokları və çempionatlarının, bir çox digər böyük turnirlərin püşkatma mərasimi məhz Lozannada, Beynəlxalq Olimpiya Muzeyində keçirilir. Azərbaycandakı Olimpiya hərəkatı və İdman muzeyi də belə bir mərkəz olacaqdır. Ölkəmizin ev sahibliyi etdiyi qitə və dünya miqyaslı yarışların püşkatma mərasimləri, mətbuat konfransları və s. burada keçiriləcəkdir (7).
Respublika Prezidenti İlham Əliyev idmanın və Olimpiya hərəkatının inkişafı üçün bütün imkanlar­dan maksimum istifadə olunmasını tövsiyə edərək uşaqların və yeniyetmələrin idmana cəlb olunmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyur. Bu vəzifənin yerinə yetirilməsində də muzeyin böyük rolu olacaqdır. Muzeydə idmanda kütləviliyi təmin etmək üçün əsas baza olan uşaqlar və yeniyetmələrlə bağlı məsələlərə xüsusilə diqqət yetiriləcək, onun qapıları məktəblilər, uşaqlar üçün açıq olacaqdır. Muzeydə məktəblilər üçün olimpizm dərsləri keçiriləcək, onlara beynəlxalq Olimpiya hərəkatının, ölkəmizdə idmanın və Olimpiya hərəkatının tarixi ilə tanış olmaq üçün hər cür şərait yaradılacaqdır. Muzeydə dünya Olim­piya hərəkatı haqqında, beynəlxalq idman yarışları, tanınmış idmançılar və idmanı təbliğ edən görkəmli şəxslər haqqında məlumatlar toplanacaqdır (7). Eləcə də muzeydə Milli Olimpiya Komitəsinin son illər həm idmanın və Olimpiya hərəkatının inkişafı, həm beynəlxalq əlaqələrin qurulması, həm də maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində fəaliyyəti əsas yer tutacaqdır.
Bu vaxta kimi Azərbaycanın müxtəlif bölgələrində 13 olimpiya-idman kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda daha 23 olimpiya-idman kompleksinin inşası davam edir. Muzeydə böyük bir ekspozi­si­­ya məhz son 10 ildə tikilən və inşası davam etdirilən idman qurğularına həsr olunacaq, onlar haqqında hərtərəfli məlumat veriləcək. Əlbəttə, muzeydə həm ümummilli liderimiz Heydər Əliyevə, həm də respublika Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə müxtəlif dövlətlər, müxtəlif beynəlxalq idman qurumları, müxtəlif məşhur şəxslər tərəfindən verilən hədiyyələr, təltiflər ayrıca bir ekspozisiya kimi nümayiş etdiriləcəkdir. Şübhəsiz ki, muzeydə yaradılacaq bu guşə həm ziyarətçilər, həm də idmanımızın inkişaf tarixi ilə bağlı elmi araşdırmalar aparan mütəxəssislər üçün çox maraqlı olacaqdır (7). Səlahiyyətli qurumların məlumatları bunu deməyə əsas verir ki, ən müasir texniki vasitələrlə təmin olunacaq muzeydə həm dünya, həm də Azərbaycan idmanı ilə bağlı xüsusi proqramlaşdırılmış baza yaradılacaqdır. İdman tarixi, statistikası ilə maraqlanan insanlar, mütəxəssislər, jurnalistlər bu proqramlar vasitəsilə istənilən idmançının, istənilən yarışın nəticələrini öyrənəcək, müxtəlif mənbələrdən aldıqları məlumatları dəqiqləşdirə biləcəklər. Bu informasiya bazasında bütün idman növləri haqqında ətraflı məlumat da olacaqdır.
Bu gün Azərbaycan dünyada həm də turizmin inkişaf etdiyi ölkə kimi tanınır. Yəqin ki, ölkəmizə gələn turistlər də bu muzeydə Azərbaycan idmanının tarixi ilə yanaşı, dünya idmanının inkişaf tarixi ilə bağlı maraqlı məlumatlarla tanış ola biləcəklər (7). Belə bir imkan təbii ki, Azərbaycanın dünya turizminə inteqrasiyasını daha da sürətləndirəcəkdir. Belə ki, mədəni dünya, turizmi fərdi və kollektiv özünüifadənin hərəkətvericisi kimi dəyərləndirir. “Turizmin qlobal etik kodeksi”nin “Turizm fərdi və kollektiv özünüifadənin hərəkətvericisi kimi” başlıqlı II maddəsində tövsiyə olunur ki, istirahət, idman, təbii, mədəni zənginliklərlə tanışlıq xarakteri daşıyan turizm səyahətləri fərdi və kollektiv özünüifadənin mühüm vasitəsi kimi planlaşdırılıb, həyata keçirilməlidir. Turizm özünüinkişafın, təhsil və tərbiyənin, həmçinin insanlar və mədəniyyətlərarası dözümlülüyün əvəzolunmaz amilinə çevrilməlidir. Turizm fəallığı qadın və kişi bərabərliyi, insan hüquqlarına hörmətin, uşaqların, yaşlıların, fiziki cəhətdən qüsurlu, etnik azlıqların və yerli icmanın hüquq bərabərliyi əsasında təşkil olunmalıdır. Dini, sağlamlıq, tədris, mədəni, dil öyrənmə məqsədli səyahətlər turizmin faydalı növləri hesab olunmalı və təşviq olunmalıdırlar. Turizm mübadiləsi, onun iqtisadi, sosial, mədəni faydalarını və gətirdiyi risklərin xüsusi tədris proqramlarına daxil olunması dəstəklənməlidir (10).
Mədəni turizm sahəsindəki beynəlxalq təcrübə də göstərir ki, turistlərin ölkə ərazisində maneəsiz hərəkəti təmin edilməlidir. Dünya çempionatları, idman yarışları, konfranslar, simpoziumlar Bakıda keçirildikcə gələcəkdə buraya gələn qonaqların da çoxalması gözlənilir. Buna görə də Bakı liman şəhəri olduğu üçün flot tipli mehmanxanaların inşasına ehtiyac vardır. Dünyada dəniz və okean ətrafında yerləşən limanlarda bu tipli mehmanxanalar fəaliyyət göstərir. Paytaxtda gündən-günə daha çox konqres və simpoziumlar keçirildiyinə görə konqres hotelinin tikilməsi də məqsədəuyğundur. Konqres hotelləri 1000-1200 nəfəri qəbul edə bildiyinə və nəzərdə tutulan tədbirlər hotelin özündə təşkil olunduğuna görə nəqliyyat problemi kimi bəzi problemlər aradan qalxır. Bundan başqa, müxtəlif ölkələrdən tədbirə gələnlərin iş planını, mövzunu, əməkdaşlıq məsələlərini birlikdə müzakirə etməsinə və tanışlıq üçün daha çox vaxtları qalır. Təbii ki, turizm şirkətlərinin maliyyə və inzibati məsuliyyət mexanizmləri və tur-operatorların maliyyə zaminliyinin tətbiqi vasitəsilə xaricə gedən ölkə turistlərinin hüquqlarının və qanuni maraqlarının qorunması təmin edilməlidir.
Səyahət və turizm anlayışları insan həyatını, onun aktivliyini səciyyələndirir. Bu anlayışlara istirahət, əyləncə, idman, ətraf mühitin öyrənilməsi, elm, mədəniyyət, tarixi və dini abidələrlə, müxtəlif xalqların həyatı və ənənələri ilə tanışlıq kimi ünsürlər daxildir (11, s.37). İnsanlar səyahət etdikləri zaman onların ətraf mühit haqqında bilikləri zənginləşir, təsəvvürləri genişlənir və nəhayət, onlar özləri də dəyişirlər. Aparılan ekspedisiyalar və səyahətlər yeni-yeni coğrafi ixtiraların açılmasına səbəb olur, elmə və praktikaya lazım olan həcmdə ümumiləşdirici materiallar toplamağa imkan verirdi.
Mütəxəssislər və habelə yerli əhali mədəni turizmə məşğulluq yaradacaq və gəlir gətirə biləcək inkişaf potensialı kimi baxırlar. Çünki ölkədə zəngin muzey və rəsm qalereyaları, tarixi abidə və şəhərlər, məscidlər və kilsələr, məbədlər, irs parkları, karvansaralar, tarixin əbədiləşdiyi çoxlu yerlər vardır (9, s.12). Azərbaycan həmçinin güclü ənənəvi mədəniyyətə, adət və ənənələrə, hərarətli qonaqpərvərlik ruhuna malik, habelə uzun əsrlər boyu qədim ticarət yollarının üzərində yerləşmiş bir ölkədir.
Dünyada turizmin təşkil olunduğu yerdən asılı olaraq mədəni-kütləvi tədbir kimi idman yarışlarından, poeziya gecələrindən, özfəaliyyət yaradıcılığından, kino və bədii ədəbiyyat vasitələrindən və s. xidmət sahələrindən geniş istifadə olunur. Bu mənada mədəniyyət müəssisələrinin turizm-idman kompleksləri ilə birgə əməkdaşlıq nümunəsi özünü muzeylərin timsalında da göstərir. Ona görə də muzeylərin ölkənin bütün mədəni irs spektrinə istiqamətlənməsi və kollektiv təcrübənin muzey ekspozisiyaları sistemi vasitəsilə yayılması, turizmə dəstək verməklə yanaşı, həm də əhalinin sosial fəallığını, onların sosial əhəmiyyətli problemlərin həllinə diqqətini artırır və Azərbaycanın adekvat imicinin yaranmasına kömək edir.
İstər muzeylərin, istərsə də digər mədəniyyət müəssisələrinin turistlərə xidmətinin keyfiyyəti və bir sıra bədii-kütləvi tədbirlərin həyata keçirilməsinin səmərəliliyi texniki vasitələrin zənginliyindən də çox asılıdır (9, s.7). Belə ki, köhnə texniki təchizat vasitələri müasir turizm üçün demək olar ki, yaramır. Bu məqsədlə turist mərkəzlərində müasir televiziya şəbəkələri yaradılır və turistlərin məskunlaşdıqları otaqların əksəriyyətində müasir televizorlar qoyulur. Turist ərazilərində elmi-texniki tərəqqinin imkanlarından istifadə edərək yeni texnologiyalar yerləşdirilir. Bu baxımdan elektron kitabxanalar da yaradılır. İnternet vasitəsilə turistlər daha çox maarifləndirici məlumatlar almaq imkanına malik olurlar. İnformasiya-kommunikasiya texnologiyalarından ünsiyyət vasitəsi kimi də istifadə olunur. Beləliklə, kitabxanalar vasitəsilə turistlərin kütləvi mətbu-atdan daha geniş məlumatlar almaq istəyi təmin olunur. Eyni zamanda kitabxanada yeni nəşr olunan ədəbi əsərlərin oxucu müzakirəsini keçirmək, bu müzakirələr zamanı maraqlı turistləri çıxışlara, əsər haqqında fikir söyləməyə cəlb etmək lazım gəlir. Bəzən turistlər arasında yazıçılar, şairlər, tanınmış incəsənət xadimləri, xüsusi elmi xidmətləri olan alimlər də olur. Onlarla da maraqlı görüşlər keçirmək mədəni-maarifləndirici prosesi daha da zənginləşdirir. Həm də belə görüşlər insanların yaddaşında şirin xatirələrə çevrilir.
Hazırda mədəniyyət məqsədli ziyarətlər daha çox istirahət profilli təşkilatların tamamlayıcısı durumundadır. Mədəni turizmin inkişafını dəyərli bir potensial olaraq qəbul etdiyimiz zaman, mədəniyyət məqsədli təşkilatların səmərəli fəaliyyətinə və mədəni turizmin inkişaf etdirilməsinə ehtiyac vardır. Turizmdən gözlənən iqtisadi faydalar baxımından da bölgələrarası tarazlı inkişafda istifadə edilə biləcək bir vasitə kimi mədəni turizm kontekstində muzeylər və turizm-idman kompleksləri ilə əməkdaşlıq, xüsusilə diqqətə alınmalıdır.

Ədəbİyyat
1. Azərbaycanda olimpiya hərəkatı və idman muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. “Azərbaycan” qəzeti, 2008-ci il 22 yanvar.
2. Akman A.Didem. Turizm gelismesinin yarattigi dogal və mədəni degisimler: Kas örnegi. T.C. Ankara Üniversitesi Sosial Bilimler Enstitüsü Sosial Çevre Bilimleri Anabilim Dalı, Yüksək Lisans Tezi, Ankara, 2007.
3. Aslanov E.İ. Azərbaycanda turizm sektoru: imkanlar, problemlər və perspektivlər. Yekun hesabat. Bakı: Azərbaycan-Türkİyə İş Adamları Birliyi, 2010.
4. Avropa Turizm təşkilatının saytı (European Travel Commission). http://www.etc-corporate.org
5. Bakı şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi. 21 oktyabr 2000-ci il. 21.10.2000 “Azərbaycan” qəzeti, 2000-ci il 22 oktyabr.
6. Göç ve Sosyo-Kültürel Degisim. Yüksek Lisans Tezi (Turhan Eray Demir). T.C. Ankara Üniversitesi Sos­yal Bilimler Enstitüsü Antropoloji (Sosyal Antropoloji) Anabilim Dalı, Ankara, 2008.
7. Hüseynzadə Çingiz. İdmanda qazanılan uğurlar mədəni sərvətimizdir. “Azərbaycan” qəzeti, 2008-ci il 29 fevral.
8. Məhəmmədi M.Ə.K. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında turizmin inkişafinda ictimai-mədəni amillərin rolu. Sosiologiya üzrə fəlsəfə doktoru dis. ... Bakı: Bakı Dövlət Universiteti, 2011.
9. Süleymanlı Mübariz. Mədəni irs tədqiqatlarının nəzəriyyə və metodologiyası. “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə magistratura pilləsində tədris edilən fənn proqramı. Bakı, ADMİU, 2018.
10. Turizmin qlobal etik kodeksi. Duroviç A.P., Kabuşkin N.İ., Serqeeva T.M. və b. Turizmin təşkili. Minsk: Novoe Znanie, 2003. http://dtxtq4w60xqpw.cloudfront.net/sites/all/files/docpdf/azeri.pdf
11. Квартальнов В.А. Теория и практика туризма. Учебник. М., Финансы и статистика, 2003.


Təranə Xudabaxşıyeva
İdman kompleksləri və muzeylərin turizm infrastrukturunda yeri
Xülasə
Məqalədə turizm infrastrukturunun gücləndirilməsi baxımından idman kompleksləri və muzey müəssisələri ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edilir. Mədəniyyət məqsədli turizmin mahiyyəti açıqlanır. Turizmə olan еhtiyacların ödənilməsində rolu olan amillər göstərilir. Dünya təcrübəsində turizmin inkişafı baxımından idman muzeylərinin əhəmiyyətinə toxunulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyi yaradılması” haqqında sərəncamın məqsəd və vəzifələri şərh edilir. Azərbaycanın idman tarixinin və Olimpiya hərəkatında əldə etdiyi uğurların mədəni sərvət kimi öyrənilməsi və təbliğində bu sərəncamın mühüm rolu vurğulanır. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin idman muzeyinin perspektivlərinə dair qənaətləri şərh edilir.

Açar sözlər: idman, muzey, turizm, mədəniyyət, incəsənət

Значение (место) спорткомплексов и музеев в туристической инфраструктуре
Заключение
В статье рассказывается о важности сотрудничества с музеями и спортивными комплексами с точки зрения усиления туристической инфраструктуры. Также раскрывается содержание культурного туризма, указываются факторы, важные для обеспечения туристической деятельности. Затрагивается вопрос о роли спортивных музеев в развитии туризма в международной практике. Кроме того, в статье представлены комментарии о целях и задачах распоряжения президента Ильхама Алиева «Об олимпийском движении и создании спортивных музеев в Азербайджане». Так, отмечается роль данного документа в пропаганде и изучении достижений спорта и олимпийского движения в республике в качестве культурного богатства. Также в материале нашли место комментарии относительно перспектив спортивного музея, высказанные вице-президентом Национального олимпийского комитета Чингиза Гусейнзаде.

Ключевые слова: спорт, музей, туризм, культура, искусство

The role of sports centers and museums in
tourism infrastructure
Summary
The article explains the significance of cooperating with sports complexes and museums in terms of strengthening tourism infrastructure. It also defines the essence of culture-purposed tourism and shows the criteria which play a role in meeting the tourism needs. The article mentions the importance of sports museums in terms of developing tourism within international practices. It also comments on the purpose and tasks of the decree of the President of the Republic of Azerbaijan Ilham Aliyev to “Establish the Olympic Movement and Sports Museums in Azerbaijan”. It emphasizes the important role this decree plays in studying the sports history of Azerbaijan and the achievements of the Olympic movement as cultural wealth and promoting them. The article also comments on the thoughts of Chingiz Husseinzadeh, the Vice President of the National Olympic Committee, on the prospects of the sports museum.

Key words: sports, museum, tourism, culture, art

 

"YER VƏ İNSAN"  jurnalı 01/09/2019

 

TƏRANƏ CƏLİLZADƏ
ADMİU-nun II kurs magistratura tələbəsi