İranın Azərbaycanda terror planı ifşa edildi - VİDEO

Din adı altında pərdələnərək min hoqqadan çıxan Tehran dövlətinin Azərbaycanda sabitliyi, asayişi pozmağa hesabladığı növbəti planı da alt-üst oldu.

Deputat Fazil Mustafaya yaşadığı evin qarşısında silahlı hücum etməklə əhali arasında vahimə salmaq istəyən iki dövlət ola bilər: Ermənistan və İran.

Fazil Mustafaya qarşı törədilən terror aktından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları mümkün olan bütün dəlilləri və sübutları toplamaqla, əməliyyat-axtarış tədbirlərinə başladılar. Peşəkər istintaq qrupu ilk gündən baş vermiş cinayətin xarakteri, iştirakçıların kimliyi, istifadə olunan metodlardan bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, xüsusən də SEPAH-ın dayandığının üzərində dururdu. Hər şey elə düşünüldüyü kimi də oldu.

Keçirilmiş əməliyyatla Fazil Mustafaya qarşı terror aktını həyata keçirən dəstənin üzvləri saxlanıblar. İlkin məlumata görə, hücumun təşkilatçısı Səricanov Azər Kamran oğludur.

Deputata atəş açan isə Şirinov Səbuhi Vəliyəddin oğludur. Səbuhi də sapı özümüzdən olan baltadır. 

Dəstənin digər üzvləri də var.

Hər iki şəxs Fazil Mustafaya qarşı terrorun törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib. Beləliklə, məlum olur ki, Fazil Mustafaya qarşı terror İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə reallaşdırılıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını Ermənistan ordusundan təmizləməsi və layiqli qələbəsini İran hələ də həzm edə bilmir. 

İranın hər zaman Ermənistanı dəstəklədiyi, Azərbaycana qarşı düşmənçilik bəslədiyi sirr deyildi. Vətən müharibəsindən sonra isə molla respublikası çirkin xislətini açıq şəkildə büruzə verməyə başladı. Ölkəmizin İrandakı səfirliyinə qarşı silahlı hücum artıq kulminasiya nöqtəsi idi. Bütün dünya bunu terror aktı kimi qiymətləndirdi. Başqa sözlə desək, Azərbaycana qarşı terror edə biləcək dövlətlərin siyahısına Ermənistanla yanaşı İranı da əlavə edə bilərik. Azərbaycan ictimaiyyəti üçün Ermənistan və İranın heç bir fərqi yoxdur. 

İran xüsusi xidmət orqanları, dini-ideoloji mərkəzləri ilə əməkdaşlıq etmək Ermənistanla əməkdaşlıq etmək deməkdir. İranın öz çirkin məqsədlərini reallaşdırması üçün dindən istifadə etməsi, dini terror siyasətinin alətinə çevirməsi İslama xəyanətdir. İranın Azərbaycanda qurduğu şəbəkənin bütün üzvləri ifşa olunmalı və qanun qarşısında cavab verməlidirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları belə şəxslərə qarşı qətiyyətli tədbirlərini davam etdirəcəklər.

Yerveinsan.az Xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: