İƏT-in XIV Zirvə toplantısı İslam dünyasının problemlərinin həll yollarını müzakirə edəcək

Xəbər verdiyimiz kimi, mayın 31-də Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatının XIV Zirvə toplantısı keçiriləcək.

İki Müqəddəs Məkanın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudun sədrliyi və İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları iştirakı ilə, “Məkkə Sammiti: Gələcəyə doğru birlikdə gedək” devizi altında keçiriləcək tədbirdə İslam dünyasının üzləşdiyi müxtəlif problemlər, o cümlədən Fələstin, Suriya, Yəmən, Liviya, Sudan, Somalidəki son vəziyyət barədə fikir mübadiləsi aparılacaq, təhdidlərə qarşı İslam ölkələrinin vahid mövqedən çıxış etməsinin əhəmiyyəti qeyd olunacaq.

Zirvə toplantısının iştirakçıları, həmçinin, müsəlman azlıqların problemlərini, islamafobiya hallarını, terror və ekstremizmlə mübarizənin zəruriliyi və digər siyasi, iqtisadi, mədəni və sosial problemləri müzakirə edəcəklər.

Qeyd edək ki, bu dəfəki Zirvə Toplantısı İslam Əməkdaşlıq Təşkilatının yaranmasının 50-ci ildönümünə təsadüf edir.

Xatırladaq ki, İƏT-in XIII sammiti 2016-cı il aprelin 14-15-də Türkiyənin İstanbul şəhərində keçirilib.