ABŞ-da aktiv qazma qurğularının sayı artıb

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı artır.

Bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 1 ədəd artaraq 984 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 76 ədəd azdır.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 3 ədəd çoxalaraq 800 olub. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayında 16 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə 2 ədəd azalaraq 184 olub. Keçən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 13 ədəd azalıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.