Azərbaycan ilə Bolqarıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Mayın 23-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Milli Müdafiə Universitetinin rektoru, general-mayor İvan Malamov ilə görüşüb.

Bu barədə Yerveinsan.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nümayəndə heyəti universitetin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Heydər Piriyev Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin dostluq və səmərəli əməkdaşlıq üzərində qurulduğunu qeyd edib.

Nümayəndə heyətinə Milli Müdafiə Universiteti və onun nəzdindəki digər hərbi təhsil müəssisələrinin tarixi, fəaliyyət istiqamətləri, strukturu və qarşıda duran vəzifələri ilə bağlı brifinq təqdim olunub.

İvan Malamov da belə görüşlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonra bolqarıstanlı qonaqlar Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunu ziyarət ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının xatirəsinə ucaldılan Xatirə kompleksi ziyarət olunaraq gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.

Qonaqlar hərbi institutun ərazisindəki muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov qonaqlarla hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib.

Xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub.

Daha sonra nümayəndə heyətləri təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası, həmçinin burada kursantlar üçün yaradılan şəraitlə tanış olub və keçirilən tədris prosesini izləyiblər.