Moskvada Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın iclası keçirilib

İyulun 7-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfindən sədri Şahin Mustafayev və Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, komissiyanın Rusiya tərəfindən sədri Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda, həmçinin iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.

Tərəflər Azərbaycan-Rusiya dostluq əlaqələrinin hərtərəfli inkişafından məmnunluq ifadə ediblər.

Tədbirdə qeyd olunub ki, Azərbaycan və Rusiya prezidentləri arasında fəal siyasi dialoq, şəxsi təmaslar ikitərəfli əməkdaşlığın bütün spektri üzrə yüksək dinamikanı təmin edir.

İclasda vurğulanıb ki, Azərbaycan ilə Rusiya arasında iqtisadi-ticarət münasibətləri çox müsbət dinamikaya malikdir. Məmnunluqla qeyd edilib ki, 2022-ci ildə əmtəə dövriyyəsi 24 faiz artaraq 3,7 milyard ABŞ dollarına çatıb.

Müzakirələr zamanı qarşılıqlı investisiyalar sahəsində əməkdaşlığın dinamik inkişafı qeyd edilib. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının biznes dairələri arasında birbaşa təmasların yaradılmasına töhfəsi müsbət qiymətləndirilib.

Tərəflər, həmçinin sənaye kooperasiyasının uğurla inkişaf etdiyini bildiriblər. Vurğulanıb ki, aqrar-sənaye kompleksində əməkdaşlıq yaxşı templərlə inkişaf edir.

İclasda qeyd olunub ki, tərəflər nəqliyyat-logistika əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. Azərbaycan ilə Rusiya arasında yükdaşımaların həcminin artmasında müsbət dinamika təmin edilib, bu göstərici 2022-ci ildə 36 faizdən çox olub.

Tərəflər inkişafına birgə səylərin yönəldildiyi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsini prioritet kimi qiymətləndiriblər. Onlar, həmçinin qarşılıqlı maraq doğuran sahələr üzrə ikitərəfli münasibətlərin inkişafı perspektivlərini müzakirə edib, qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksi üzrə konstruktiv dialoqun davam etdirilməsinə hazır olduqlarını bildiriblər.

Sonda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Hökuməti Sədrinin müavini Aleksey Overçuk Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın 21-ci iclasının protokolunu imzalayıblar.