Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərin qarşısını alıb

Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsinin Nizami küçəsində və Təmanis yaşayış massivində, həmçinin Qala qəsəbəsinin “Hövsan südçülük sovxozu” adlanan ərazidə heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi əməkdaşlarının həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.

Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsini davam etdirir.