Kəlbəcər və Laçın peşə məktəblərinin tikintisi planlaşdırılır

Kəlbəcər və Laçın peşə məktəblərinin tikintisi planlaşdırılır.

Bu barədə Prezidenti İlham Əliyevin iyulun 20-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında Elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.

Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Məlumatda bildirilib ki, hazırda Azərbaycanda 98 peşə təhsil müəssisəsi var. Peşə təhsil mərkəzlərinin sayı isə 14-dür. Ölkəmizdə 120 ixtisas üzrə 23 min 600 tələbə peşə təhsili alır. Son üç ildə peşə qəbulu üzrə göstəricilər 30 faiz artaraq, keçən il tələbələrin sayı 19 mini ötüb. Bundan başqa, 2022-2023-cü tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə də tələbə qəbulu aparılıb. Hazırda respublikada 1466 tələbə yüksək texniki peşə təhsili alır. Bu təhsil səviyyəsi üzrə tələbələrin sayının 2026-cı ilə qədər 9200-ə çatdırılması planlaşdırılır.

Bildirildi ki, hazırda Lənkəran Peşə Liseyi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün binalar tikilir. Mingəçevir Peşə Təhsil Mərkəzinin binasının tikintisi isə başlamaq üzrədir. Eləcə də Füzuli Peşə Liseyi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz, Qax və Quba Peşə liseylərinin binalarının layihələndirilməsi aparılır. Qarabağda Kəlbəcər və Laçın peşə məktəblərinin tikintisi planlaşdırılır. Böyük Qayıdış Proqramı çərçivəsində ümumilikdə 8 peşə təhsil müəssisəsi tikilib istifadəyə veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Cəlilabad rayonunda olub. Dövlət başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə mərkəzdə yaradılan şərait barədə məlumat verib.