Hikmət Hacıyev: Azərbaycan Səudiyyə Ərəbistanı şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində fəal iştirakını gözləyir

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ənənəvi dostluq və tarixi əlaqələr mövcuddur. Ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrinin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri və İki Müqəddəs Ocağın Xadimi mərhum Kral Fəhd bin Əbdüləziz ilə görüşü zamanı qoyulub. 2015-ci ildə Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri, eləcə də 2017-ci ildə Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Ər-Riyada işçi səfəri bu əlaqələrin möhkəmlənməsinə gətirib çıxarıb. Hazırda iki ölkə arasında əlaqələr dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətləri olaraq qeyd edilə bilər.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Əş-Şarg əl-Avsat” qəzetinə müsahibəsində bildirib.

Prezidentin köməkçisi Azərbaycan xalqının Səudiyyə Ərəbistanı Krallığının Ermənistanın ölkəmizə hərbi təcavüzünü pisləməsini və işğalçı dövlətlə diplomatik əlaqələr qurmamasını heç vaxt unutmadığını və bunu yüksək qiymətləndirdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanının ədalətə söykənən, Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, İslam həmrəyliyinə əsaslanan mövqeyi bütün dünyaya nümunədir. 1990-cı illərdə Ermənistanın torpaqlarımızı işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı törətməsi nəticəsində bir milyondan çox azərbaycanlı doğma yurdundan didərgin salınaraq məcburi köçkünə çevrilib. Məhz həmin dövrdə qardaş Səudiyyə Ərəbistanının Azərbaycana dəstəyi heç vaxt unudulmur.

Bu gün əlaqələrimizin uğurla inkişaf etdiyini, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq həyata keçirdiyini və bir-birini fəal dəstəklədiyini diqqətə çatdıran Prezidentin köməkçisi bildirib: “Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası dövlətləri və Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafında Səudiyyə Ərəbistanının rolunu yüksək qiymətləndiririk. Eyni zamanda, biz Səudiyyə Ərəbistanının “Ekspo-2030” sərgisinə ev sahibliyi etməsini dəstəkləyir və Krallığa bu mötəbər tədbiri uğurla təşkil etməsini arzulayırıq. Səudiyyə Ərəbistanının regionda və dünyada sülhün və təhlükəsizliyin qorunmasında göstərdiyi cəhdləri yüksək qiymətləndiririk. Azərbaycan Səudiyyə Ərəbistanına qarşı PUA-larla və ballistik raketlərlə edilən hücumları pisləyib və bunu qəbuledilməz hesab edir”.

İkitərəfli əlaqələrimizdə turizmin vacib yer tutduğunu vurğulayan H.Hacıyev birbaşa aviareyslərin sayının artırıldığını, ötən il 100 minə yaxın Səudiyyə Ərəbistanı vətəndaşının Azərbaycana səfər etdiyini, bu dinamikanın bu il artdığını qeyd edib. Azərbaycanın Səudiyyə Ərəbistanı ilə iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində investisiyaların artırılmasında maraqlı olduğu, bu ölkənin şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində fəal iştirakını gözlədiyi bildirilib.

Müsahibədə Körfəz ölkələri ilə Azərbaycan arasında institusional əməkdaşlığın qurulmasının önəmi, eləcə də qlobal və regional təhlükəsizlik məsələlərinin müzakirəsi üçün təhlükəsizlik dialoqunun aparılmasının mümkünlüyü vurğulanıb. Həmçinin iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, Azərbaycanın Körfəz ölkələrindən turistlərin cəlb edilməsində maraqlı olduğu bildirilib. Qeyd edilib ki, viza prosedurunun sadələşdirilməsi Körfəz ölkələrindən gələn turistlərin sayının artmasına gətirib çıxarıb. Bununla yanaşı, ticarət dövriyyəsinin həcminin artırılması baxımından investisiya və biznes sektorunda əlaqələrin gücləndirilməsinin, Körfəz sərmayəsinin Azərbaycana, xüsusən də azad edilmiş ərazilərin yenidən qurulması prosesinə cəlb olunmasının önəmi vurğulanıb.

Prezidentin köməkçisi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh danışıqları barədə də sualları cavablandırıb. Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanan Azərbaycanın otuz illik işğala son qoyaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirdiyi bildirilib. Qeyd olunub ki, müharibədən qısa müddət sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipi təqdim edib. Lakin Ermənistan öz öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrinin qalıqlarını torpaqlarımızdan hələ də tam çıxarmayıb, əksinə, Laçın yolundan hərbi məqsədlər üçün istifadə edib. Bundan başqa, Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır. Ermənistan ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirir. Yerevan absurd iddialar irəli sürməklə sülh müqaviləsi üzrə danışıqlara əngəllər yaradır.

Bildirilib ki, Azərbaycan öz sərhədlərinə nəzarət etmək və Ermənistanın qanunsuz fəaliyyətinin qarşısını almaq üçün suveren ərazisində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi yaradıb. Ermənistanın regionda humanitar vəziyyətin guya gərgin olması ilə bağlı əsassız iddialar yaymasının məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini pozmaqdır.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində heç bir humanitar böhran yaşanmır. Ermənistanın Azərbaycanın bir sıra təkliflərinə, o cümlədən erməni əhalinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə təklifinə qarşı çıxması bir daha göstərir ki, humanitar vəziyyətlə bağlı Yerevanın iddiaları siyasi şantaj və manipulyasiya məqsədi daşıyır. Ermənistanın qondarma “humanitar yüklərlə” bağlı son hərəkətləri siyasi şoudan başqa bir şey deyil.

Həmçinin 1990-cı illərin əvvəllərində bir çox azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsinə görə məsuliyyət daşıyan hərbi cinayətkar Vaqif Xaçaturyanın Qarabağdan qaçmaq istəyərkən “Laçın” sərhəd-keçid məntəqəsində saxlanıldığı qeyd edilib, erməni tərəfinin onunla bağlı iddialarının əsassız olduğu vurğulanıb. Bildirilib ki, son günlər baş vermiş bütün təxribatlara görə məsuliyyət Azərbaycanda qeyri-qanuni hərbi mövcudluğunu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə mane olan Ermənistan və onun rəhbərliyinin üzərinə düşür. Bütün anti-Azərbaycan bəyanatlar Azərbaycan rəhbərliyinin iradəsinə qətiyyən təsir göstərməyəcək. Qarabağ bölgəsində yaşayan erməni əhalinin hüquqlarına ölkə konstitusiyası əsasında təminat verən Azərbaycan suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı addımın qarşısını qətiyyətlə alacaq.

Prezidentin köməkçisi müsahibədə Qərbi Azərbaycan icmasının hüquqlarının bərpası məsələsinə də toxunub. Bildirib ki, Qərbi Azərbaycan icmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var, çünki bu icma 1980-ci illərin sonlarında Ermənistandan qovulub. Ermənistanın ozamankı demoqrafik vəziyyətinə baxdıqda, müsəlmanların, xüsusilə də azərbaycanlıların geniş coğrafi regionda məskunlaşdıqlarını və oranın yerli icması olduğunu görmək olar. Lakin bugünkü Ermənistan monoetnik cəmiyyətdir. Buna görə də Qərbi Azərbaycan icmasının öz vətəninə qayıtmaq hüququ var. Təəssüf ki, Ermənistan bu icmanın hüquqlarını tam şəkildə pozur.

Müsahibədə Azərbaycan-İran münasibətlərindən də söz açan H.Hacıyev ölkəmizin qonşuları ilə münasibətlərini ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq prinsipləri əsasında qurduğunu xatırladıb. Bildirib ki, Azərbaycan ilə İran arasında tarixi qonşuluq əlaqələri var. Lakin Azərbaycanın İrandakı səfirliyinə edilmiş son hücum və nəticədə səfirliyin əməkdaşının qətlə yetirilməsi ikitərəfli əlaqələrdə gərginlik və anlaşılmazlıq yaradıb. Hazırda diplomatik kanallar vasitəsilə əlaqələr var, İranın rəsmi şəxslərinin Azərbaycana müvafiq səfərləri həyata keçirilir. Bu gərginlik və anlaşılmazlıqların aradan qaldırılması üçün xarici işlər nazirləri səviyyəsində dialoq davam edir. Azərbaycan İrandakı səfirliyimizə hücum edən terrorçunun və onun arxasında duran qüvvələrin İran qanunlarına uyğun olaraq cəzalandırılacağını gözləyir. Azərbaycan hər zaman dialoq və diplomatiyanı dəstəkləyir.//AZƏRTAC