Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı - TAM MƏTN

Sentyabrın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğanın
bəyanatı
- Hörmətli Prezident, Əziz Qardaşım.

Xanımlar, cənablar.

Hörmətli mətbuat nümayəndələri.

Sizi öz adımdan və nümayəndə heyətim adından ən səmimi hisslərlə salamlayıram.

Prezident seçkilərindən sonra ilk səfərimi iyun ayında Şimali Kipr Türk Respublikası ilə birlikdə Bakıya etmişdim. Bu dəfə sizinlə Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram. 2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm.

Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir. Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycanla əlaqələrimizdə xüsusi yerə sahibdir. Naxçıvan bu gün də iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına sahib olacağıq.

Xəzər dənizindən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizin əhəmiyyəti koronavirus pandemiyası və bölgəmizdə yaşanan müharibələr nəticəsində daha yaxşı dərk edilmişdir. Bu baxımdan bir qədər əvvəl təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığımızı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Qars-Naxçıvan dəmir yolu layihəsi ilə yanaşı, yaşayış binaları və elektrik enerjisi ilə bağlı müqavilələr bir az əvvəl imzalandı. Beləliklə, nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələrimizi inkişaf etdirməklə bağlı iradəmizi bir daha ortaya qoyduq.

Azərbaycanlı qardaşlarımıza 6 fevraldakı zəlzələlərin yaralarının sağalmasına verdikləri güclü dəstək üçün öz adımdan və millətim adından bir daha təşəkkür edirəm. Varını-yoxunu avtomobilinin üzərinə yükləyib millətimizə yardım etmək üçün yola çıxan qardaşlarımızın səmimiyyətini heç vaxt unutmayacağıq.

Mətbuata bəyanatlarımızdan sonra modernləşməsini həyata keçirdiyimiz bərpa-istehsalat hərbi kompleksinin açılışını edəcəyik. Bu layihə də müdafiə sənayesi sahəsində əməkdaşlığımıza ciddi töhfələr verəcək.

Hörmətli mətbuat nümayəndələri, son günlərdə bölgəmizdə kritik proseslər yaşandı. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra keçən üç ilə yaxın müddətdə dəfələrlə ifadə etdiyi legitim və haqlı narahatlıqları ilə bağlı lazımi cavabı təəssüf ki, tapa bilmədi, nəticədə özünün suveren ərazilərində antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı. Bu tədbirlərin son dərəcə qısa müddətdə, mülki şəxslərin hüquqlarına yüksək həssaslıq göstərilərək uğurla başa çatdırılması bizim üçün qürur mənbəyi olmuşdur. Tədbirlər zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Yaralılarımıza tezliklə şəfa tapmalarını arzulayıram.

Naxçıvanın görkəmli şairi Mehmet Akifin əqidə yoldaşı mərhum Hüseyn Cavidin bir əsr əvvəl etdiyi bu duasının qəbul olunduğunu görməyin xoşbəxtliyini yaşadıq:

Hər bəladan əsirgə yurdumuzu,

Kamran еylə şanlı ordumuzu...

Müzəffər Azərbaycan Ordusunu həm tarixi qələbəsi, həm də mülki şəxslərə göstərdiyi humanist davranışı münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər.

Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram. Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir.

Bu düşüncələrlə Can Azərbaycanda olmaqdan duyduğum məmnunluğu bir daha ifadə edirəm. Mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərlik üçün Prezident, qardaşım cənab Əliyevə və azərbaycanlı qardaşlarımıza bir daha təşəkkür edirəm. Rəbbim sevgimizi, qardaşlığımızı daimi etsin. Sağ olun.