Sabunçu rayonunda qəsdən adam öldürmə cinayətinin istintaqı tamamlanıb

Bu il aprelin 6-da Sabunçu rayonunun Nardaran qəsəbəsinin Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirovun öldürülməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Rayon prokurorluğundan  verilən məlumata görə, istintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərindəki külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.

Toplanmış sübutlar əsasında Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.4-cü, 120.2.6-cı, 120.2.11-ci (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2-ci və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.