Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanda Dünya və ənənəvi dinlər liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak edib.

QMİ-nin mətbuat xidmətindən  bildirilib ki, səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayevla görüşüb.

M.Aşımbayev qonağı səmimiyyətlə salamlayıb və xalqlarımızı birləşdirən qardaşlıq əlaqələrini xüsusi qeyd edib: “Ölkələrimizi və xalqlarımızı çoxəsrlik möhkəm dostluq telləri, ortaq tarix, adət-ənənələr və mədəniyyət birləşdirir. Qazaxıstanda biz sizin ölkənizin bütün nailiyyətlərinə ürəkdən sevinirik. Keçən il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bu illər ərzində dövlətlərarası əlaqələr bir çox sahələrdə möhkəmlənib. Təbii ki, buna iki ölkənin prezidentləri Kasım-Jomart Tokayev və İlham Əliyev arasında daimi təmaslar kömək edir. Mən həmçinin dinlərarası dialoqun təşviqi üçün birgə işi davam etdirməyi vacib hesab edirəm”.

Maulen Aşımbayev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə xalqımıza və ölkə rəhbərliyinə səmimi təbriklərini çatdırıb: “Bu, ədalətin bərqərar olunması yolunda Azərbaycan rəhbərliyinin və xalqının sarsılmaz iradəsi sayəsində baş verdi. Qazaxıstan qardaş Azərbaycanı onun ədalətli mübarizəsində həmişə dəstəkləyib və dəstəkləyəcək. Biz bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılmasında qardaş Azərbaycana hərtərəfli dəstək verməyə hazırıq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycanın qələbəsi bütün türk xalqlarının qələbəsidir”.

Senatın sədri Dünya və ənənəvi dinlər liderləri Qurultaylarının işində fəal rol oynadığına görə Şeyxülislama dərin təşəkkürünü bildirib, qurultay katibliyinin Azərbaycanın dini liderinin təcrübəsindən və müdrikliyindən bəhrələndiyini vurğulayıb.

Öz növbəsində, çıxış edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan rəhbərliyinin və xalqımızın salamlarını qardaş ölkənin Senat sədrinə çatdırıb. Bildirib ki, biz Qazaxıstanın siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurlardan, qardaş ölkənin artan beynəlxalq nüfuzundan çox məmnunuq. Eyni zamanda, Şeyxülislam qurultayın nüfuzunun möhkəmlənməsində Prezident Kasım-Jomart Tokayevin müstəsna rolunu vurğulayıb.

QMİ sədri Azərbaycan-Qazaxıstan əməkdaşlığından, iki dövlət rəhbərliyinin və xalqlarının həmrəyliyindən danışaraq, Prezident Tokayevin işğaldan azad edilmiş ərazilərə səfərini və Füzulidə Kurmanqazı adına yaradıcılıq inkişaf mərkəzinin tikintisi təşəbbüsünü xüsusilə vurğulayıb, bunu iki xalqın ortaq mədəniyyətinin və həmrəyliyinin simvolu kimi səciyyələndirib.

Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev iştirak ediblər.