Prezident Əbdüllətif Camal Rəşidin bəyanatı - TAM MƏTN

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident Əbdüllətif Camal Rəşidin
bəyanatı
 

- Cənab Prezident, hörmətli həmkarlar, xanımlar və cənablar!

Burada olmağa çox şadam. Bu, mənim cənab Prezidentin nəzakətli dəvəti ilə Azərbaycana ikinci səfərimdir. Bizi buraya dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm.

Düşünürəm ki, səfərimiz çox səmərəli və çox faydalı oldu. Əməkdaşlığımız keçmişdəkindən daha da güclü olmaq üzrədir. Biz bir çox fəaliyyət sahələrində - infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizm və təhsilin, həmçinin iki ölkə üçün çox əhəmiyyət kəsb edən sahələrin təşviqi ilə bağlı əməkdaşlıq edə bilərik.

Cənab Prezident, icazə verin, Sizə yeni İraqı qısaca təsvir edim, mən onu yeni İraq adlandırıram. Əminəm ki, Zati-aliləri bizim tariximizi, uzun müddət ərzində diktatorluq dövründə, xalq tərəfindən sevilməyən müxtəlif hökumətlər, hərbi hökumətlər, eyni zamanda, birpartiyalı hökumətlər və ya bir şəxsin hökuməti dövründə çəkdiyimiz əziyyətləri bilir. Bu, xeyli müddət davam etdi və bizdə daxili münaqişələrə, bəzən müharibələrə, İraqdakı icmalar arasında, icmalar və hökumət arasında toqquşmalara, İraqla qonşu ölkələrimiz arasında müharibəyə, hətta beynəlxalq ictimaiyyətə meydan oxumağımıza səbəb oldu. İraqın davranışı beynəlxalq ictimaiyyət və qonşularımız tərəfindən qəbul edilmirdi. Bu da İraqın işğalına gətirib çıxardı və eyni zamanda, işğaldan sonra biz terror hücumlarından əziyyət çəkdik. Sonuncu terror hücumları İŞİD-in İraq əhalisinə, İraq şəhərlərinə və İraq mərkəzlərinə hücumları oldu.

Lakin bunun keçmişdə qaldığını Sizə məlumat verməkdən şadam. İraq yaxşı, sağlam vəziyyətdədir. Bizdə sülh, təhlükəsizlik hökm sürür, eyni zamanda, xalq tərəfindən seçilmiş hökumət var. Geniş parlament fəaliyyətimiz var, İraq parlamentinin üzvlərinin ümumi sayı 330 nəfərdir. Biz hökuməti seçmişik və İraq Prezidentini seçmişik. Bu dövr ərzində, baxmayaraq ki, bu qənaətə gəlmək çox vaxt apardı, bu, İraq dövləti üçün faydalı oldu. Çünki biz bu qərarları İraqdakı müxtəlif millətlərlə, müxtəlif dinlər və müxtəlif siyasi partiyalarla dialoq, anlaşma və əməkdaşlıq sayəsində verdik. Onların hamısı bu nəticəyə nail olunmasına öz töhfəsini verdi.

Qeyd etdiyim kimi, hökumət bir il bundan əvvəl formalaşdırılıb və Prezident hökumət seçiləndən əvvəl seçilib. Bizim parlamentimiz bir ildir ki, fəaliyyət göstərərək İraqdakı məsələlərlə məşğul olur və hökumət ehtiyac olanları həyata keçirməyə çalışır.

Biz məsuliyyətimizi iki əsas hissəyə bölmüşük. Birincisi, infrastrukturumuzu inkişaf etdirmək, ikincisi, xidmətlərimizi yenidən qurmaq. Münaqişələr, müharibələr dövründə İraqdakı bütün infrastruktur zədələnmişdi və bütün xidmətlər geri qalırdı, ona görə də biz İraqın ehtiyacı olduğunu yenidən qurmağa, inkişaf etdirməyə və möhkəmləndirməyə çalışırıq.

İraqın iqtisadiyyatı yaxşıdır. Biz neft hasil edirik, bu, gündə 4-4,5 milyon barel təşkil edir. Bizim kənd təsərrüfatımız, su ehtiyatlarımız var. Düşünürəm ki, İraq iqtisadiyyatı indi yaxşı vəziyyətdədir və gələcəkdə hətta daha da yaxşı olacaq. Biz enerji, neft, kənd təsərrüfatı və digər sahələrlə bağlı çoxmillətli layihələrə start vermişik.

Hesab edirəm ki, bizim buraya səfərimiz faydalıdır və ümid edirik ki, bu səfərlər təkrarlanacaq. Çox şadam ki, Azərbaycan nümayəndə heyəti tezliklə İraqa səfər edəcək. Sizin də qeyd etdiyiniz kimi, cənab Prezident, biz yenə də əməkdaşlıq üçün və bir çox sahələrdə əməkdaşlığın başlanılması üçün zəruri olan bütün məsələləri müzakirə edəcəyik.

Hesab edirəm ki, İraqda biznes üçün və Azərbaycan üçün İraqda biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq. Cənab Prezident, Azərbaycanda sülh və sabitliyə nail olmağınız münasibətilə Sizi təbrik edirəm. Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin yekunlaşdırılması məsələsində Sizə uğurlar arzulayıram. Düşünürəm ki, müharibə və münaqişələr yalnız vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Bununla heç bir problem həll edilə bilməz. Hesab edirəm ki, bütün problemlərimiz dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həll olunmalıdır.

Əfsuslar olsun ki, bütün Yaxın Şərq regionu,- bu, hətta bütün dünyaya da təsir edib,- yeni münaqişədən, fələstinlilərin hüquqları ilə bağlı olan münaqişədən əziyyət çəkir. İraqın bu məsələdə mövqeyi çox aydındır. Biz bütün fələstinlilərin hüquqlarını tamamilə dəstəkləyirik, istər onlar Qəzza zolağının Qərb sahilində olsun, istər Qəzza zolağında və dünyanın başqa bir yerində olsun. Biz ümid edirik ki, fələstinlilər öz milli hüquqlarını tamamilə əldə edəcəklər və biz tezliklə fələstinlilərin öz dövləti olacağına da ümid edirik.

Bu münaqişə real olaraq həll olunmazsa, bütün regionda gərginlik qalacaq, sülhə və sabitliyə nail olunmayacaq. Biz Fələstin xalqının dərdinə şərikik və Fələstin xalqını dəstəkləyirik. İraqın bu məsələdə mövqeyi birinci gündən çox aydındır və biz beynəlxalq birliyi öz mövqeyimiz barədə məlumatlandırmışıq. Biz Qəzzada mülki əhaliyə hücum edib öldürülməsi, məktəb və xəstəxanaların, yaşayış binalarının və mülki infrastrukturun dağıdılması hallarını qınayırıq. Ümid edirəm ki, bu böhranlı vəziyyət tezliklə sona çatacaq və Fələstin xalqı öz torpaqlarında öz hüquqlarına yiyələnəcək.

Cənab Prezident, hesab edirəm ki, təfərrüatı ilə müzakirə edə biləcəyimiz bir neçə mövzu var, lakin mən bu razılaşmalara nail olmaq və ya mövcud olduğu halda açıq qalan problemləri həll etmək üçün bunu hər iki ölkədən olan müxtəlif nazirliklərin və təşkilatların öhdəsinə buraxıram.

Hər iki ölkə arasında əməkdaşlığın daha da yaxşılaşması məni sevindirir və biz Sizinlə əlaqə saxlayacaq və nümayəndə heyətinizi onlara münasib olan vaxtda və zəruri olduqda iki ölkə arasında birbaşa reyslər vasitəsilə nəqliyyat əlaqələrini qurmaqla qəbul etməyə və eyni zamanda, Sizin təcrübənizdən faydalanmağa hazırıq.

Yekunda əldə etdiyiniz nailiyyətlər münasibətilə Sizi təbrik etmək istəyirəm. Mən təkcə Bakını görmüşəm, başqa yerləri görməmişəm. Lakin Bakıda infrastruktur, binalara və şəhərdə təşkilati məsələlərə münasibətdə gördüklərim əsasında Sizi təbrik edirəm. Bu, istənilən ölkə üçün heyrətamiz bir nailiyyətdir və siz hamınız Bakıda yaşamaqdan qürur hissi duymalısınız.

Bir daha, cənab Prezident, bizi dəvət etdiyinizə görə çox sağ olun. Sizin həmkarlarınızla bir yerdə vaxt keçirmək bizim üçün çox xoş idi. Bir daha Sizə ən xoş arzularımı çatdırır və gələcəkdə uğurlar diləyirəm.