Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının Sammiti başa çatıb

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının Sammiti başa çatıb.

Tədbirdə təşkilatın üzvü olan dövlətlərin rəhbərləri - Qırğızıstan, Qazaxıstan, Rusiya, Özbəkistan, Tacikistan prezidentləri, Çin Xalq Respublikasının Sədri, Pakistan və Hindistanın baş nazirləri, həmçinin müşahidəçi ölkələrin - Belarus, Əfqanıstan, İran və Monqolustanın prezidentləri iştirak ediblər.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə görülən işlər haqqında məlumat verib, nəzərdə tutulan tədbirlərdən danışıb. Dövlət başçısı üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini təklif edib. O, həmçinin təşkilatın iqtisadi cinayətkarlıqla mübarizə, mədəni-inteqrasiya və İpək Yolu ölkələri mərkəzlərinin yaradılması təklifini irəli sürüb. Bildirib ki, Qırğızıstanın sədrliyi dövründə üzv ölkələr arasında ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi istiqamətində çoxlu tədbirlər keçirilib.

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov təşkilatın ötən müddətdəki fəaliyyəti ilə bağlı məruzə edib, gələcək planlar haqqında məlumat verib.

Dövlət başçıları çıxışlarında regional təhlükəsizlik, Əfqanıstanda sülhün və sabitliyin dinc yolla həll olunması, təşkilatın üzvü olan ölkələr arasında qanunçuluq bazasının təkmilləşdirilməsi, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı təkliflər irəli sürüblər.

Yekunda Bişkek Bəyannaməsi qəbul edilib, üzv ölkələr arasında əlaqələrin bütün sahələrini əhatə edən 20 sənəd imzalanıb.

Təşkilata sədrlik 2020-ci ildə Rusiyaya keçib.

 

Qulu Kəngərli