123 saylı Kəlbəcər seçki dairəsi üzrə 10 seçicinin yaşı 100-dən yuxarıdır

Yeddi fevral seçkilərinin biz kəlbəcərlilər üçün xüsusi əhəmiyyəti var. Çünki Prezident seçkiləri ilk dəfədir ki, işğaldan azad edilmiş doğma Kəlbəcərimizdə də keçiriləcək. Hamımız böyük sevinc və həyacanla seçki gününə hazırlaşırıq. Bütün kəlbəcərlilərin səsvermədə iştirak edəcəyinə əminəm.

Yerveinsan.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında 123 saylı Kəlbəcər dairə seçki komissiyasının (DSK) sədri Adil Murtuzayev deyib.

DSK sədri bildirib ki, dairənin 64 seçki məntəqəsindən ikisi ilk dəfədir Kəlbəcər ərazisində fəaliyyət göstərir:

“Son günlər müşahidə olunan yağıntılı hava şəraiti ilə bağlı Kəlbəcərin qalın qar örpəyinə bürünməsinə və yollarda gediş-gəlişin nisbətən çətinləşməsinə baxmayaraq sözügedən məntəqələrin təchizat və təminat məsələləri lazımi səviyyədə həll edilib. Digər məntəqələrimizdə olduğu kimi burada da 7 fevral prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıq işləri yekunlaşıb”.

A.Murtuzayev həmçinin bildirib ki, 123 saylı dairə üzrə qeydiyyatda olan 55 min 572 seçicidən 5 131 nəfəri Prezident seçkilərində ilk dəfə səsvermə hüququndan istifadə edəcək: “Həmin seçicilərdən 163 nəfəri 18 yaşı yeni tamam olanlardır. Ən yaşlı seçicilərimizə gəlincə, bildiyiniz kimi, Kəlbəcər uzunömürlülər diyarı kimi tanınır. Hazırda dairədə yaşı 100-dən çox olan 10 nəfər qeydiyyatdadır. Onların arasında ən yaşlısı isə Kəlbəcər şəhər sakini, 1913-cü il təvəllüdlü Baxşəliyeva Xeyrənsa İsmayıl qızıdır”.