Sadiq Qurbanov: Azərbaycan yaşıl enerji siyasətini gündən-günə inkişaf etdirir

Cənub Qaz Dəhlizinin ötən toplantısında bir daha vurğulandığı kimi, proses başladığı vaxtdan sonra dünyada çox şey dəyişib. Bu gün dünyada hər bir ölkə üçün enerji təhlükəsizliyi çox vacib məsələyə çevrilib. Dövlətlərin milli təhlükəsizlik məsələsinin önəmi gündən-günə artmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu sahədə yürütdüyü siyasət nəinki ölkəmizin, eyni zamanda, Cənub Qaz Dəhlizi boyunca yerləşən dövlətlərin marağına tam uyğundur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, vaxtilə Cənub Qaz Dəhlizi başqaları üçün bir yuxu idi. Amma uzunluğu 3500 kilometr olan həmin kəmər bu gün fəaliyyət göstərir. Dəhlizin əhatə etdiyi ölkələrin sayı gündən-günə artmaqdadır. Təbii qaz resursları ölkəmizin özü üçün maksimum dərəcədə kifayətdir. Baxmayaraq ki, öz ərazimizdə ənənəvi karbohidrogen yataqları, enerji resurslarımız var, amma Azərbaycan artıq yeni bir dövrə qədəm qoyub. Ölkəmiz dünyada ətraf mühiti, insanların sağlamlığını düşünərək iqlim dəyişikliklərinin qarşısını almaq üçün yeni enerji resurslarından istifadəni dəstəkləyir. Unutmaq olmaz ki, 2023-cü ildə Yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclası da məhz Azərbaycanda keçirildi. Eyni zamanda, Azərbaycan Macarıstan, Rumıniya və Gürcüstan sözügedən sahəyə aid birgə layihə ilə bağlı memorandum imzaladılar.

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov söyləyib.

Komitə sədri bildirib ki, eyni zamanda, ötən dövrdə Cənub Qaz Dəhlizinin fəaliyyətini şərtləndirən amillərdən biri də Avropa Komissiyasının bu layihəni dəstəkləməsi olub. ABŞ və Böyük Britaniya hökumətləri də bu layihənin dəstəklənməsində böyük rol oynadılar. Cənub Qaz Dəhlizinin fəaliyyətini genişləndirmək üçün bir çox maliyyə qurumları dəstək göstərdilər. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, ümumiyyətlə, beynəlxalq maliyyə korporasiyaları buna yardım etdilər. Çünki bu dəhlizin inkişafında maraqlı olan dövlətlər çoxdur.

“Həmçinin ölkəmizdə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirildi. Bu da Azərbaycanın önəmini artırır. Azərbaycanda yaşıl enerji potensialı kifayət qədərdir. Yəni, ilkin hesablamalara görə, dənizdə külək enerjisinin potensialı 157, quruda isə 27 qiqavatdır. Hələ bizim işğaldan azad olunmuş ərazilərdə də 10 qiqavat civarında enerji resursu var. Naxçıvan Muxtar Respublikasında bu enerjidən istifadə etmək tam mümkündür. BP, “Masdar”, “ACWA Power” kimi investorlar artıq bu sahəyə investisiya yatırıb. Azərbaycanda bu sahədə böyük işlər görülür, investisiyalar yatırılır. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə bu sahədə görülən işlər beynəlxalq tərəfdaşlar tərəfindən də yüksək qiymətləndirilir”, - deyə Milli Məclisin komitə sədri vurğulayıb.

Sadiq Qurbanov qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasının Azərbaycanda keçirilməsi də təsadüfi deyil, çünki ölkəmiz bu il həm də COP 29¬-a ev sahibliyi edəcək. Bu amil Azərbaycanın önəmini daha da artırır. Azərbaycanda bərpaolunan enerji məsələsi yalnız COP-la bağlı deyil. Prezident İlham Əliyevin ekologiyaya olan münasibəti bəllidir. Ölkəmizdə 2010-cu il “Ekologiya ili”, 2024-cü il isə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bütün bunlar Azərbaycanın tam mənasında özünün seçimidir, dünyaya olan baxışıdır. Eyni zamanda, Azərbaycan dövlətinin ətraf mühitin, dəniz suyunun çirklənməsinin qarşısının alınması və digər sahələrdə gördüyü işlər təqdirəlayiqdir. Azərbaycan dünyaya yeni bir günəş kimi doğur. Ölkəmiz yaşıl enerji siyasətini gündən-günə inkişaf etdirir.//Azərtac